Viruslar laboratoriyalarda hazırlanır? - Həkimdən diqqətçəkən AÇIQLAMA
Bildiyimiz kimi, virusların sayı günbəgün artmaqdadır. Yeni yayılan viruslardan biri də ebola virusudur. Hazırda qonşu ölkə olan İranda da bu virusla bağlı yoluxma halları barədə məlumatlar yayılır. Lakin Səhiyyə Nazirliyi bildirib ki, hazırkı mərhələdə bu virus ölkəmiz üçün təhlükə hesab olunmur.
Amma ümumilikdə yeni yaranan və sürətlə yayılan bu kimi viruslardan qorunmaq üçün insanlar nələrə diqqət etməlidirlər?
Redaktor.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyevin sözlərinə görə, virus xəstəliklərinin bu qədər artmasının əsas səbəblərindən biri ekologiyanın, yəni hava və su problemlərinin həddindən artıq çoxalmasıdır:
"Təbii proseslərə də təsir edən amillər mövcuddur. Bunun səbəbləri sırasında dünyada gedən müxtəlif müharibələr, radiasiya və keyfiyyətsiz məhsulların istehsalı da var. Bütün bunlar istənilən virusun yaranmasına şərait yaradır. İndi havaya fikir verin: bir gün isti, bir gün soyuq olur. İsti və soyuq hava kütlələri toqquşanda güclü küləklər yaranır, ağaclar qırılır və sair. Viruslarla bağlı başqa bir məqama da toxuna bilərəm. Müəyyən ölkələrdə, hətta keçmiş SSRİ-də belə viruslar üzərində işləyən laboratoriyalar var idi. Hələ 1930-cu illərdə virus istehsal edən laboratoriyaların mövcudluğu barədə məlumatlar səsləndirilirdi. Dünyanın digər bölgələrində də buna bənzər hallar olub".
Müsahibimiz bildirdi ki, ebola xəstəliyində əlamətlər əsasən yoluxmadan 2 gündən 21 günədək olan müddətdə ortaya çıxır:
"Bunlara güclü hərarət, ağrılar, qanaxmalar, qan qusma, daxili orqanların zədələnməsi və dəri səpkiləri daxildir. Demək olar ki, xəstəlik insan orqanizmində bütün orqanlara təsir göstərə bilir. Müalicə üsullarına gəldikdə isə əsas məqsəd maye və elektrolit balansını qoruyub saxlamaqdır. Həkimlər əsasən simptomatik və dəstəkləyici müalicə aparırlar. Yəni temperaturun salınması, ayrı-ayrı orqanların zədələnməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. Müalicə əsasən bu üsullarla həyata keçirilir. Xəstəliyin əlamətləri, qeyd etdiyim kimi, olduqca ağırdır. Qanaxmalar, tənəffüs və ürək-damar sistemi pozğunluqları baş verir, xəstəlik demək olar ki, bütün orqanlara zərər verə bilir".
Xədicə BAXIŞLI












