Ürək sağlamlığı üçün ən faydalı meyvə BUDUR

 09:33 09.06.2026     457

Qaragilə, böyürtkən, gavalı, lobya və yaşıl çay ürək-damar sisteminin qorunmasına kömək edən flavanollarla ən zəngin qidalar hesab olunur.

Redaktor.az xəbər verir ki, bu nəticəyə University of Reading, Harvard Medical School və University of California, Davis alimlərinin birgə araşdırması nəticəsində gəlinib. Tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, flavanollar ürək xəstəlikləri riskinin azalması, arterial təzyiqin aşağı düşməsi və damarların elastikliyinin yaxşılaşması ilə əlaqəli olduğu elmi şəkildə sübut edilmiş bioaktiv bitki birləşmələridir. Bu maddələr damarların divarlarını rahatlaşdıran azot oksidinin sintezini stimullaşdırmaqla təsir göstərir.

Araşdırma çərçivəsində Böyük Britaniya və ABŞ-də yaşayan 30 mindən çox insanın qidalanma vərdişləri qan və sidik nümunələri əsasında təhlil edilib. Alimlər müəyyən ediblər ki, insanların əksəriyyəti flavanolların qoruyucu təsir göstərməsi üçün tələb olunan səviyyədə bu maddələri qəbul etmir.

Tədqiqat göstərib ki, bir çox insan kifayət qədər meyvə və tərəvəz qəbul etdiyini düşünsə də, banan, kök və kartof kimi geniş yayılmış məhsullarda flavanolun miqdarı olduqca azdır və onlar ürək-damar xəstəliklərinin qarşısının alınmasına bu mexanizm vasitəsilə ciddi töhfə vermir.

Alimlər hesab edirlər ki, gündə beş porsiya meyvə və tərəvəz qəbul etmək tövsiyəsi qidaların tərkibi baxımından daha dəqiq izah edilməlidir. Onların fikrincə, təxminən 200 qram qaragilə, bir ovuc tünd şokolad və ya bir fincan yaşıl çay orqanizmi əhəmiyyətli miqdarda flavanolla təmin edə bilər.

Tədqiqat müəllifləri ABŞ və Avropada rəsmi qidalanma tövsiyələrinin yenilənməsinin vacibliyini vurğulayırlar. Onların hesablamalarına görə, bu cür dəyişikliklər ürək xəstəlikləri ilə əlaqədar xəstəxanaya yerləşdirilmə hallarını 15-20 faiz azalda bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən