Alimlər Altsheymer xəstələrini şoka salacaq 3 qrupa BÖLDÜ

 23:38 10.06.2026     259

Dünyanın ən təhlükəli nevroloji problemlərindən olan Altsheymer xəstəliyinin (ağıl zəifliyi) inkişafı ilə bağlı tibb dünyasında inqilabi bir kəşf edilib. Məlum olub ki, bu xəstəlik hamıda eyni ssenari ilə irəliləmir və analizlərində xəstəliyin bioloji əlamətləri tapılan hər bir insan qocalanda yaddaşını itirmir.

Redaktor.az xəbər verir ki, ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Keq Tibb Məktəbinin alimləri bu barədə sensasiyalı araşdırma yayıblar. Tədqiqatın nəticələri beynəlxalq nüfuzlu "Alzheimer's & Dementia" (A&D) jurnalında dərc olunub.

Alimlər Altsheymer xəstəliyinin əsas bioloji göstəricilərini daşıyan – yəni qanında və ya onurğa beyni mayesində xüsusi tau-zülalı ilə amiloid maddəsi yüksək olan, lakin hələ heç bir ağıl zəifliyi simptomu göstərməyən 65-85 yaş arası 1629 nəfəri tam 7 il boyunca fasiləsiz nəzarətdə saxlayıblar. Nəticələr isə tibb dünyasını heyrətə gətirib. Belə ki, pasiyentlərin beyin funksiyalarının zəifləmə sürəti tamamilə fərqli 3 qrupa bölünüb.

Birinci qrup, yəni iştirakçıların təxminən 70%-i "toxunulmazlar" olub. Ən təəccüblü məqam budur ki, bu insanların analizlərində Altsheymer maddələri olsa da, 7 illik müşahidə dövründə onların yaddaşı, diqqəti və beyin funksiyaları tamamilə normal qalıb. İkinci qrupda (təxminən 22%) illər keçdikcə yaddaş zəifləməsi çox yavaş və hiss olunmadan, lakin dayanmadan irəliləyib. Üçüncü, yəni təxminən 8%-lik "təhlükəli qrup"dakı insanlar isə ilk iki ildəcə sürətlə yaddaşlarını itiriblər və qısa müddətdə ağır kliniki demans mərhələsinə keçiblər.

Araşdırmanın ən dramatik praktik nəticəsi odur ki, hazırda dünyada mövcud olan heç bir diaqnostika aləti – nə MRT cihazları, nə koqnitiv testlər, nə də qabaqcıl qan analizləri – ilkin mərhələdə hansı xəstənin məhz bu sürətlə zəifləyən 8%-lik təhlükəli qrupa düşəcəyini əvvəlcədən təxmin edə bilmir. Hətta genetik risk faktoru hesab olunan məşhur "APOE4" geni belə konkret şəxsdə xəstəliyin sürətini proqnozlaşdırmağa imkan vermir.

Alimlər bildirirlər ki, bu kəşf indiyə qədər Altsheymer əleyhinə hazırlanan dərmanların kliniki sınaqlarda niyə uğursuz olduğunu da aydın şəkildə izah edir. Çünki sınaqlarda iştirak edən xəstələrin 70%-i onsuz da müalicə almadan belə stabil qalırdı. Bu isə sınaqdan keçirilən yeni dərmanların real gücünü statistika baxımından gizlədir və effekti aşağı salırdı.

Ekspertlər təcili olaraq xəstəliyin irəliləmə sürətini əvvəlcədən təyin edə bilən yeni biomarkerlərin tapılmasını tələb edirlər. Yalnız bu halda ən sürətlə zəifləyən 8%-lik qrupu vaxtında xilas etmək və yeni yaradılan dərmanların real təsirini obyektiv qiymətləndirmək mümkün olacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən