Baş ağrısının qarşısını almaq üçün nə etmək lazımdır?
Spirtli içki qəbul etdikdən sonra yaranan baş ağrılarının qarşısını almaq üçün maraqlı üsul təklif edilib.
Redaktor.az xəbər verir ki, bu haqda həkim Sara Marin Berbell danışıb.
Onun sözlərinə görə, spirtli içki içməzdən əvvəl pendir yemək faydalı ola bilər. Həkim bildirib ki, aparılan araşdırmalarda pendir yeyən siçovulların qanında həm spirtin, həm də baş ağrısına səbəb olan asetaldehid adlı zəhərli maddənin səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.
Berbell qeyd edib ki, pendir spirtin orqanizm tərəfindən sorulmasını ləngidən qoruyucu maneə rolunu oynayır. Bundan əlavə, bu qida qaraciyərin zədələnməsinin qarşısını almağa kömək edir, xroniki iltihabı azaldır və orqanizmi kalsium, eləcə də B vitaminləri ilə təmin edir.
Həkimin sözlərinə görə, həmin vitaminlər beynin, sinir sisteminin və əzələlərin normal fəaliyyəti üçün vacibdir. Spirtli içki qəbulundan sonra isə bu sistemlərin fəaliyyəti zəifləyə bilər.
Mütəxəssis vurğulayıb ki, düzgün qidalanma spirtli içkinin mənfi təsirlərini müəyyən qədər azaltmağa kömək etsə də, ən təsirli üsul spirtli içkilərin normadan artıq qəbul edilməməsidir.
Aytəkin TOFİQQIZI













