Onkoloqdan gündüz yuxusu ilə bağlı vacib məsləhət

 17:48 22.06.2026     249

Onkoloq Vladimir İvaşkov gündüz yuxusunun düzgün şəkildə təşkil edildiyi halda insan sağlamlığı və məhsuldarlığı üçün faydalı olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda life.ru-ya danışıb.

Həkimin sözlərinə görə, gündüz yuxusu 10-20 dəqiqə davam etməlidir. Bu müddətdə beyin dərin yuxu mərhələsinə keçmədiyi üçün insan oyandıqda özünü daha gümrah hiss edir.

İvaşkov qeyd edib ki, araşdırmalar qısa gündüz yuxusunun diqqəti 34 faiz, məhsuldarlığı isə 16 faiz artırdığını göstərir. O, istirahət üçün ən uyğun vaxtın saat 13:00-15:00 aralığı olduğunu vurğulayıb. Mütəxəssis bildirib ki, bu saatlarda insan orqanizmində təbii yorğunluq hissi yaranır.

Həkim həmçinin gec saatlarda yatmağın gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə biləcəyini deyib.

İvaşkov maraqlı bir üsul da tövsiyə edib. Onun sözlərinə görə, yatmazdan təxminən 20 dəqiqə əvvəl qəhvə içmək oyandıqdan sonra daha ayıq olmağa kömək edir. Bu üsul "qəhvə yuxusu" adlanır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən