Restoranlarda köhnə salata yeni mayonez çəkilir? - AÇIQLAMA

 17:56 23.06.2026     486

Havaların istiləşməsi ilə qida təhlükəsizliyi məsələləri daha da aktuallaşır. Xüsusilə də restoran və iaşə obyektlərində geniş istehlak olunan paytaxt salatının hazırlanması və saxlanılması ilə bağlı müxtəlif iddialar gündəmə gəlir. Belə iddialardan biri də artıq qalmış salatın üzərindəki mayonezin yuyularaq yenisi ilə əvəz edilməsi və məhsulun təkrar satışa çıxarılması ilə bağlıdır.

Bəs bu, özü ilə hansı təhlükələri gətirir? Salatın köhnə olduğunu müəyyənləşdirmək olurmu?

Qida eksperti Fərid Səfərov Redaktor.az-a bildirdi ki, isti havalarda mayonez əsaslı salatlar, xüsusilə də paytaxt salatı qida təhlükəsizliyi baxımından daha riskli məhsullar hesab olunur:

"Çünki tərkibində kartof, yumurta, toyuq və ya kolbasa kimi tez xarab olan inqrediyentlər olur və uyğun temperaturda saxlanılmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır.

Bəzən ictimaiyyətdə restoranlarda satılmayan paytaxt salatının üzərindəki köhnə mayonezin yuyularaq yenisi ilə əvəz edilməsi barədə fikirlər səslənir. Əgər belə bir hal baş verərsə, bu, ciddi qida təhlükəsizliyi riski yarada bilər. Çünki problem yalnız mayonezdə deyil, salatın daxilindəki məhsullardadır. Salat uzun müddət uyğun olmayan temperaturda qalıbsa, bakteriyalar artıq bütün kütləyə yayıla bilər və sonradan yeni mayonez əlavə etmək həmin riski aradan qaldırmır".

Həmsöhbətimiz vurğuladı ki, köhnə salatı hər zaman görünüşünə və ya dadına görə müəyyən etmək mümkün olmur:

"Bəzən qoxuda turşuma, rəng dəyişikliyi, sulanma və ya mayonezin ayrılması müşahidə olunsa da, təhlükəli mikroorqanizmlər heç bir görünən əlamət yaratmadan da inkişaf edə bilər. Buna görə də yalnız görünüşə əsaslanaraq salatın təhlükəsiz olub-olmadığını qiymətləndirmək düzgün deyil.

İstehlakçılar salat alarkən müəssisənin ümumi gigiyena vəziyyətinə, məhsulların soyuducuda saxlanılmasına və hazırlanma şəraitinə diqqət yetirməlidirlər. Xüsusilə yay aylarında uzun müddət açıq şəraitdə saxlanılan mayonezli salatların qəbulundan ehtiyatlı olmaq tövsiyə olunur. Qida təhlükəsizliyində əsas prinsip odur ki, şübhə doğuran məhsulu istehlak etməmək daha təhlükəsiz seçimdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən