Valideynlərin çoxunun bilmədiyi məqam: Gigiyenik vərdişlər nə vaxt aşılanmalıdır?

 15:10 24.06.2026     461

"Gigiyena ümumiyyətlə uşaqların sağlam böyüməsi və onların immunitetinin normal formalaşması üçün çox vacib amildir. Gigiyenik qaydalar nə qədər sadə görünsə də, bir o qədər əhəmiyyətlidir. Uşağın yaşından və inkişaf səviyyəsindən asılı olaraq bu gigiyenik vərdişlər ona mərhələli şəkildə öyrədilməlidir. Əlbəttə ki, bu məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirib.

Onun sözlərinə görə, uşaqlara gigiyenik vərdişlərin aşılanması üçün ən əlverişli dövr yaş yarımdan iki yaşa qədər olan mərhələdir:

"Çünki məhz bu dövrdə uşaqlar böyükləri, xüsusilə də valideynlərini təqlid etməyə başlayırlar. Ona görə də valideynlər rol model kimi bu vərdişləri uşaqlara öyrədə bilərlər. Yaş yarımdan, iki yaşdan sonra uşağa əl yumaq, yeməkdən sonra ağzını silmək öyrədilməlidir. Həmçinin o, diş fırçası ilə tanış olmalıdır. Uşaq üç-dörd yaşına çatdıqda artıq valideyn nəzarəti altında dişlərini fırçalamağı öyrənməlidir. Sabunla əllərini özü yumalı və tədricən tualetdən sonrakı gigiyenik qaydalarla tanış olmalıdır. Beş-yeddi yaşdan etibarən uşaq artıq tualetdən sonra şəxsi gigiyenasına özü riayət etməyi öyrənməlidir. Paltarını dəyişmək bacarığına malik olmalıdır. Səkkiz yaşından sonra isə əlbəttə ki, əsas gigiyenik vərdişlər uşağın öz məsuliyyətinə keçməlidir. Paltar dəyişməkdən duş qəbul etməyə, dırnaq qulluğundan şəxsi təmizliyə qədər bütün bu vərdişləri uşaq bilməli və gündəlik həyatında tətbiq etməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən