"Uşaqların oyuncaqlarını tez-tez yuyun" - Həkimdən XƏBƏRDARLIQ

 15:12 24.06.2026     376

"Uşaqlar oyuncaqlarla tez-tez təmasda olurlar və oyuncaqların üzərində bakteriyalar, viruslar, toz hissəcikləri, tüpürcək qalıqları toplanır. Bu da mikrobların çoxalması üçün əlverişli mühit yaradır. Xüsusilə diş çıxarma dövründə uşaqlar ətraflarında gördükləri və tanış olduqları əşyaları ağızlarına aparırlar. Ona görə də oyuncaqların təmizlənməsi çox vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı uşaqların gigiyenası haqqında danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirdi.

Həkim qeyd etdi ki, oyuncaqların təmizlənmə qaydası onların növündən və hazırlandığı materialdan asılı olaraq dəyişir:

"Amma bir qızıl qayda var: əgər oyuncaq yerə düşübsə, mütləq yuyulmalıdır. Oyuncaq çöldə istifadə olunubsa və ya bağçaya aparılıbsa, yaxud onunla başqa uşaq təmasda olubsa, evə gətirildikdən sonra mütləq təmizlənməlidir. Diş qaşıyıcıları, silikon tərkibli əmziklər və uşağın ağzına apardığı bütün oyuncaqlar hər gün yuyulmalıdır. Plastik oyuncaqlar və hamam oyuncaqları isə həftədə bir dəfə yuyulduqda kifayət edir. Yumşaq oyuncaqlar, yuyula bilən gəlinciklər və digər bu tip oyuncaqlar ayda bir və ya iki dəfə təmizlənməlidir. Diqqət etmək lazımdır ki, güclü kimyəvi tərkibli yuyucu vasitələrdən istifadə olunmasın. Çünki həmin maddələr sonradan uşağın ağız boşluğu ilə təmasda ola və müxtəlif reaksiyalara səbəb ola bilər. Oyuncaqları ilıq su, uşaq sabunu və ya uşaq yuyucu vasitələri ilə təmizləmək məqsədəuyğundur. Təmizləndikdən sonra oyuncaqlar mütləq qurudulmalıdır. Çünki nəm qalan oyuncaqlarda, xüsusilə də yumşaq oyuncaqlarda kif və göbələk yarana bilər. Bu isə uşağın sağlamlığı üçün əlavə risk yaradır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən