Uşaqları həddindən artıq steril şəraitdə böyütməyin - Həkimdən XƏBƏRDARLIQ
"Həddindən artıq gigiyenik şəraitdə böyümək uşağın sağlamlığına mənfi təsir göstərə bilər. Çünki uşağı tam steril mühitdə böyütmək onun immun sisteminin zəif formalaşmasına səbəb ola bilər. İmmun sistemi müəyyən viruslar, bakteriyalar və gündəlik məişətdə rast gəlinən müxtəlif maddələrlə təmas nəticəsində formalaşır, bir növ məşq keçir. Bu amillər immun sistemi üçün sanki trenajor rolunu oynayır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirdi.
Onun sözlərinə görə, həddindən artıq steril şəraitdə böyüyən uşaq sonradan adi ətraf mühit faktorlarına qarşı belə həssaslıq göstərə bilər:
"Hətta havadakı bəzi komponentlərə qarşı allergik reaksiya yarana bilər. Çünki orqanizm həmin maddələrlə kifayət qədər tanış olmayıb. Bu da müxtəlif xəstəliklərə, allergik reaksiyalara və bəzi hallarda hətta astmaya qədər gətirib çıxara bilər. Bununla yanaşı, məsələnin psixoloji tərəfi də var. Uşağı davamlı olaraq "mikroblar səni xəstələndirər", "mikroblar təhlükəlidir", "sən çirkli uşaqsan" kimi ifadələrlə qorxutmaq onda təşviş pozuntularının yaranmasına səbəb ola bilər. Mən özüm belə hallarla rastlaşmışam. Elə uşaqlar var ki, əllərini yumaq üçün hamama girirlər və yarım saatdan çox oradan çıxmırlar. Sabunu dəfələrlə köpükləndirirlər, hətta sabun tam bitənə qədər yumağa davam edirlər. Bu artıq patoloji hal hesab olunur. Hər şeydə olduğu kimi, burada da balans vacibdir. Valideynlər uşaqlara gigiyenik vərdişləri öyrətməlidirlər. Amma uşaq nə gigiyenadan uzaq böyüməlidir, nə də tam steril şəraitdə saxlanılmalıdır. Ən düzgün yanaşma sağlam və balanslı gigiyena vərdişlərinin formalaşdırılmasıdır".
NURİYYƏ













