Şiş hüceyrələri özünü məhv edir - Alimlərdən xərçənglə bağlı mühüm kəşf

 20:07 30.06.2026     428

Mədəaltı vəzi xərçəngi hüceyrələrini özünü məhv etməyə məcbur edən yeni birləşmələr sinfi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı aparılan tədqiqatın nəticələri "Oncotarget" jurnalında dərc olunub.

ABŞ-ın Florida A&M Universitetinin alimləri poliiizoprenilləşdirilmiş sisteinil amidlərinin inhibitorları (PCAI) adlanan birləşmələri sınaqdan keçiriblər. Bu maddələr mədəaltı vəzi xərçənginin müalicəyə davamlı olmasına səbəb olan anormal KRAS siqnal ötürülməsini bloklamaq məqsədilə hazırlanıb. Məlumata görə, bu xəstəlikdən əziyyət çəkən insanların təxminən 90 faizində KRAS mutasiyası müşahidə olunur.

Araşdırma zamanı əsas birləşmə hesab edilən NSL-YHJ-2-27 cəmi 1 mikromol konsentrasiyada xərçəng hüceyrələrinin miqrasiyasını 90 faizdən çox azaldıb. Bu isə metastaz riskinin azalmasına ümid yaradır. Tədqiqat zamanı hüceyrələrin sitoskeletində baş verən dəyişikliklər nəticəsində onların hərəkət qabiliyyətini itirdiyi müəyyən edilib.

Alimlərin diqqətini çəkən əsas məqam isə bu birləşmələrin gözlənilməz təsir mexanizmi olub. Belə ki, PCAI maddələri əvvəlcədən düşünüldüyü kimi MAPK və PI3K/AKT siqnal yollarını zəiflətməyib, əksinə onları həddindən artıq aktivləşdirib. Bu isə hüceyrədə aktiv oksigen formalarının və BAX adlı zülalın səviyyəsini artıraraq apoptoz – proqramlaşdırılmış hüceyrə ölümünü işə salıb.

Tədqiqatın nəticələri üçölçülü şiş sferoidləri üzərində aparılan sınaqlarda da təsdiqini tapıb. Məlum olub ki, PCAI birləşmələri şiş strukturlarını dağıdır və məhv olan xərçəng hüceyrələrinin sayını artırır.

Mütəxəssislərin sözlərinə görə, bu birləşmələrin üstünlüyü onların yalnız hazırda mövcud bəzi preparatların hədəf aldığı KRAS G12C mutasiyasına deyil, KRAS geninin müxtəlif mutasiya növlərinə qarşı təsir göstərə bilməsidir. Bu isə gələcəkdə daha geniş xəstə qrupunun müalicəsi üçün yeni imkanlar yarada bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən