İsti havada buzlu su içmək faydalıdır? - Mütəxəssisdən açıqlama
İsti havada buzlu su içməyin orqanizmi daha yaxşı sərinlətdiyi barədə geniş yayılmış fikir doğru deyil.
Redaktor.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Valeri Litvinov aif.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, çox soyuq içkilər ağız və boğazdakı termoreseptorları aktivləşdirir. Beyin bunu bədənin həddindən artıq soyuması kimi qəbul edir və nəticədə dəridəki qan damarları daralır. Bu isə istiliyin bədəndən xaric olmasını ləngidir və orqanizmin daha çox qızmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, isti içkilər isə əksinə, tərləməni artırır. Tərin dərinin səthindən buxarlanması bədəni sərinlətməyin ən təbii və effektiv mexanizmidir.
Litvinovun sözlərinə görə, isti çay və ya şəkərsiz qəhvə isti havada orqanizmin temperaturunu tənzimləməyə buzlu sudan daha çox kömək edə bilər. O vurğulayıb ki, buzlu su yalnız qısamüddətli sərinlik hissi yaradır, lakin bədənin istilikdən qorunmasına uzunmüddətli fayda vermir.
Aytəkin TOFİQQIZI













