Qan xərçəngindən sağ çıxanlarda ürək-damar xəstəlikləri riski ARTIR

 23:31 01.07.2026     391

Qan xərçəngi və limfomanı keçirmiş insanların ürək çatışmazlığı, insult və ürəyin işemik xəstəliyi ilə daha çox qarşılaşdığı müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu nəticə 550 mindən çox pasiyentin iştirakı ilə aparılan araşdırmada əldə olunub və "BMC Cancer" jurnalında dərc edilib.

Çinin Xançjou Pedaqoji Universitetinin alimləri hematoloji bədxassəli xəstəliklərin uzunmüddətli nəticələrinə dair 50 elmi tədqiqatı meta-analiz edib. Təhlil göstərib ki, leykozdan sonra ürək çatışmazlığı riski 4 dəfədən çox, insult riski 3 dəfədən çox artır, ürəyin işemik xəstəliyi riski isə 46 faiz yüksəlir.

Bənzər göstəricilər Hodgkin və qeyri-Hodgkin limfoması keçirmiş pasiyentlərdə də müşahidə olunub. Hər iki xəstəlik immun sistem hüceyrələrinin (limfositlərin) mutasiyaya uğrayaraq nəzarətsiz çoxalması ilə xarakterizə olunur.

Bundan əlavə, radiasiya terapiyası alan xəstələrdə ürək-damar xəstəlikləri riskinin yalnız kimyaterapiya alanlara nisbətən daha yüksək olduğu müəyyən edilib.

Tədqiqat müəllifləri bildirirlər ki, qan xərçəngi keçirmiş şəxslərdə ürək-damar sisteminin uzunmüddətli nəzarətdə saxlanılması vacibdir. Onların fikrincə, erkən profilaktika və müntəzəm tibbi monitorinq ciddi fəsadların qarşısını almağa kömək edə bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən