Günvurma ilə qrip arasındakı fərqlər nələrdir? - Həkimdən AÇIQLAMA

 16:39 02.07.2026     529

Yay mövsümünün gəlişi və havaların kəskin istiləşməsi ilə birlikdə günvurma halları da artmağa başlayıb. Xüsusilə günün ən isti saatlarında uzun müddət açıq havada qalmaq sağlamlıq üçün ciddi risk yarada bilər. Günvurma vaxtında müdaxilə edilmədikdə ağır fəsadlara səbəb ola bilər.

Bəs günvurma özünü hansı əlamətlərlə göstərir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapent Günay Lətifova bildirdi ki, günvurmanın əlamətləri müəyyən mənada qripə bənzəyə bilər, lakin bu iki vəziyyət arasında mühüm fərqlər mövcuddur:

"Qrip virus mənşəli infeksiya olduğu üçün adətən hərarətin yüksəlməsi, öskürək, asqırma, boğaz ağrısı, burun axması, əzələ ağrıları və ümumi halsızlıq kimi əlamətlərlə müşayiət olunur. Xəstəlik bir neçə gün, bəzən isə bir həftədən artıq davam edə bilər. Günvurma isə orqanizmin həddindən artıq istiyə məruz qalması nəticəsində yaranır. Bu zaman güclü baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, ishal, yüksək bədən hərarəti, həddindən artıq tərləmə və ya əksinə, tərləmənin dayanması, nəbzin sürətlənməsi, diqqətin pozulması və bəzən huşun bulanması kimi əlamətlər müşahidə oluna bilər. Simptomlar adətən isti hava şəraitində uzun müddət günəş altında qaldıqdan və ya həddindən artıq fiziki aktivlikdən sonra qəfil inkişaf edir.

Ən mühüm fərqlərdən biri də odur ki, qripdə tənəffüs yollarına aid əlamətlər - öskürək, asqırma, burun axması və boğaz ağrısı ön planda olur. Günvurmada isə bu əlamətlər olmur, əvəzində yüksək temperaturun təsiri nəticəsində sinir sistemi və ümumi orqanizm funksiyalarında pozğunluqlar yaranır. Buna görə də əlamətlərin hansı şəraitdə meydana çıxdığına diqqət yetirmək günvurmanı qripdən ayırd etməyə kömək edir. Günvurma şübhəsi yarandıqda şəxsin dərhal sərin yerə aparılması, bədəninin soyudulması və vaxt itirmədən tibbi yardım göstərilməsi vacibdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən