Yeni doğulan körpələri ilk 6 ay günəşə çıxarmayın - Pediatrdan valideynlərə ÇAĞIRIŞ
Yeni doğulan körpələrin sağlam inkişafı üçün günəş işığının mühüm rolu olduğu bildirilir. Günəş şüaları orqanizmdə D vitamininin sintezinə kömək etsə də, körpələrin həssas dərisi səbəbindən onların günəşə çıxarılması ilə bağlı valideynlər arasında müxtəlif suallar yaranır.
Yeni doğulan uşaqlara gün vannasını nə zamandan etibarən qəbul etdirmək olar? Gün ərzində nə qədər müddət günəş işığı altında qalması təhlükəsiz və faydalı hesab olunur?
Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Şəlalə Poluxova bildirdi ki, gün işığı və günəş şüaları D vitamininin sintezində çox vacib rol oynayır:
"Ona görə də ümumiyyətlə bütün uşaqlar üçün günəş vannalarının faydalı olduğunu deyirik. Ancaq bu məsələdə yeni doğulmuş körpələr istisna təşkil edir. Yeni doğulan körpələrin ilk 6 ay ərzində birbaşa günəş şüaları ilə təmasına yol verilməməlidir. Çünki onların dərisi çox həssasdır. Birbaşa günəş şüaları dəridə günəş yanıqlarının yaranmasına, susuzlaşmaya, həmçinin günvurma və istivurma hallarına səbəb ola bilər. Bu da öz növbəsində ciddi, hətta geridönməz fəsadlara gətirib çıxara bilər. Ona görə də ilk 6 ay ərzində körpələrin birbaşa günəş şüaları ilə təmasına icazə vermirik. Bu zaman valideynlərdə sual yarana bilər ki, bəs uşaqlar D vitaminini haradan alırlar? Yeni doğulmuş körpələrə 14-15 günlükdən etibarən pediatrın təyin etdiyi dozada profilaktik məqsədlə D vitamini damcı şəklində verilir və bu, adətən 2 yaşına qədər davam etdirilir. Bu yanaşma həm Avropada, həm də Amerikada tətbiq olunan beynəlxalq protokollara uyğundur."
Həkim qeyd etdi ki, yeni doğulan körpələr D vitaminini bu dövrdə günəşdən deyil, damcı formasında qəbul edirlər.
"Hava qəbulu isə tamamilə fərqli məsələdir. Körpəni həyatının ilk günlərindən etibarən açıq havaya çıxarmaq lazımdır. Bunun üçün 'qırxının çıxmasını' gözləməyə ehtiyac yoxdur. Sadəcə, körpənin birbaşa günəş şüaları altında qalmasına yol verilməməlidir. Səhər saat 10:00-dan axşam saat 16:00-a qədər günəş şüalarının ən intensiv olduğu vaxt hesab edilir. Buna görə də yeni doğulmuş körpələrlə gəzintilər səhər saat 10:00-a qədər və ya axşam saat 16:00-dan sonra planlaşdırılmalıdır. Bununla yanaşı, körpəni günəşdən qorumaq da vacibdir. O, mütləq kölgədə saxlanılmalıdır. Məsələn, uşaq arabasında kölgəlikdən istifadə etmək, başına geniş kənarlı papaq taxmaq, açıq rəngli, uzunqollu, pambıq və nəfəs alan parçadan hazırlanmış geyimlər seçmək tövsiyə olunur. Çünki 6 aya qədər olan körpələrdə SPF tərkibli günəş kremlərindən istifadə də məsləhət görülmür".
Müsahibimiz vurğuladı ki, 6 aya qədər körpələrə günəş vannası tövsiyə edilmir:
"Altı aydan sonra isə artıq yaşa uyğun günəş kremindən, UV filtrli eynəklərdən və uyğun baş geyimindən istifadə etməklə, həmçinin günəşin pik saatlarını nəzərə almaq şərti ilə körpələrin günəş vannası qəbul etməsinə, eləcə də dəniz kənarında vaxt keçirməsinə icazə verilə bilər".
Xədicə BAXIŞLI













