Qaraciyər xərçəngini 100 faiz dəqiqliklə aşkar edən süni intellekt HAZIRLANDI
RTU MİREA Süni İntellekt İnstitutunun alimləri kompüter tomoqrafiyası (KT) görüntüləri əsasında qaraciyərin ilkin xərçəngini yüksək dəqiqliklə aşkar edə bilən süni intellekt sistemi hazırlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qaraciyərin KT müayinəsi zamanı xəstəyə kontrast maddə yeridildikdən sonra müxtəlif vaxt intervalları ilə bir neçə dəfə görüntüləmə aparılır. Həkimlər üçün təkcə hər bir görüntü deyil, həm də kontrast maddənin toxumalardan keçməsi zamanı yaranan dəyişikliklər böyük əhəmiyyət daşıyır. Məhz bu dəyişikliklər müxtəlif növ şişlərin bir-birindən fərqləndirilməsinə kömək edir.
Əksər süni intellekt alqoritmləri hər bir KT görüntüsünü ayrıca təhlil etdiyi halda, yeni sistem görüntülər arasındakı dəyişiklikləri də analiz edir. Alimlərin fikrincə, şişin növünü müəyyən etməyə imkan verən əsas diaqnostik məlumat məhz bu dinamikada gizlənir.
Yeni sistem iki mərhələdə işləyir. Əvvəlcə KT görüntüsündə qaraciyəri avtomatik müəyyən edir, daha sonra şübhəli nahiyəni seçərək şişin növünü təyin edir.
Sınaqlar zamanı yeni yanaşma şişlərin təsnifatında dəqiqliyi əvvəlki modeldəki 64 faizdən 86,7 faizə yüksəldib. Bundan əlavə, qaraciyərin ən geniş yayılmış ilkin xərçəng növü olan hepatoselülyar karsinomanın aşkarlanması zamanı həssaslıq test nümunələri üzrə 100 faizə çatıb.
Qeyd edək ki, bu layihə Ümumrusiya Mühəndislik Müsabiqəsinin qalibi olub. Tədqiqatın nəticələri nüfuzlu elmi jurnallarda dərc edilib, həmçinin proqram təminatı dövlət qeydiyyatına alınıb.
NURİYYƏ













