Talasemiya və daşıyıcılıq nədir, necə müəyyən olunur? - AÇIQLAMA
"Talassemiyanın növləri hemoqlobinin tərkibini təşkil edən zəncirlərə görə müəyyən edilir. Ən çox rast gəlinən forma isə beta-talassemiyadır və əsasən bu növ haqqında danışırıq".
Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva dedi.
Həkimin sözlərinə görə, talassemiya genetik xarakter daşıyan irsi xəstəlikdir.
"Əgər hemoqlobini əmələ gətirən zəncirlərdən hər hansı birinin sintezində genetik qüsur yaranarsa, həmin zəncir kifayət qədər istehsal olunmur. Nəticədə hemoqlobinin yaranması pozulur, qanazlığı inkişaf edir və zamanla daha ciddi fəsadlar meydana çıxa bilər.
Daşıyıcılıq isə xəstəlik demək deyil. Bu, sadəcə olaraq insanın talassemiya ilə əlaqəli qüsurlu geni daşıması anlamına gəlir. Talassemiya daşıyıcıları adətən tam sağlam həyat sürürlər və əksər hallarda heç bir klinik əlamət müşahidə olunmur. Hətta insanın xarici görünüşünə və adi müayinələrə əsasən onun daşıyıcı olduğunu müəyyən etmək mümkün olmur.
Məhz buna görə də daşıyıcılıq yalnız xüsusi laborator analizlər və genetik müayinələr vasitəsilə aşkar edilir. Bu xüsusilə ailə qurmağa hazırlaşan şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Çünki hər iki valideyn daşıyıcı olduqda, uşağın talassemiyanın ağır forması ilə doğulma riski artır", – deyə Avesta Allahverdiyeva vurğuladı.
NURİYYƏ













