Talassemiya daşıyıcısı olan insan sağlam görünə bilərmi?

 15:13 08.07.2026     347

"Talassemiya daşıyıcıları tamamilə sağlam görünə bilərlər. Onları xarici görünüşünə görə digər sağlam insanlardan fərqləndirmək mümkün deyil. Fiziki və zehni inkişafları normal olur, gündəlik həyatlarını heç bir məhdudiyyət olmadan davam etdirirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva səsləndirdi.

Həkimin sözlərinə görə, talassemiya daşıyıcılığı əksər hallarda təsadüfən, profilaktik müayinələr zamanı aşkar edilir.

"Ümumi qan analizində yüngül dərəcəli qanazlığı və eritrositlərin orta həcmini göstərən MCV göstəricisinin aşağı olması müşahidə oluna bilər. Lakin bu nəticələr təkbaşına talassemiya daşıyıcılığı demək deyil. Çünki oxşar mənzərə dəmir defisitli anemiyada və bəzi xroniki xəstəliklərdə də rast gəlinə bilər.

Talassemiya daşıyıcılığını dəqiq müəyyən etmək üçün əsas müayinə hemoqlobin elektroforezi analizidir. Məhz bu analiz vasitəsilə şəxsin daşıyıcı olub-olmadığını təsdiqləmək mümkündür. Bəzi hallarda isə hemoqlobin elektroforezinin nəticəsi kifayət qədər aydın olmadıqda və ya şübhəli məqamlar yarandıqda diaqnozu dəqiqləşdirmək üçün genetik müayinələr aparılır.

Bu səbəbdən, ümumi qan analizində qanazlığı aşkar olunduqda dərhal talassemiya diaqnozu qoymaq düzgün deyil. Dəqiq diaqnoz yalnız müvafiq laborator və genetik müayinələrin nəticələrinə əsasən müəyyən edilir", – deyə Avesta Allahverdiyeva vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən