Talassemiya uşağa necə keçir? - Həkimdən CAVAB

 15:21 08.07.2026     336

"Talassemiya irsi, yəni genetik xəstəlikdir. Bu o deməkdir ki, xəstəlik uşağa valideynlərdən ötürülən genlər vasitəsilə keçir. Mütləq valideynlərdən biri və ya hər ikisi talassemiya ilə əlaqəli qüsurlu geni daşıyır".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva dedi.

Həkimin sözlərinə görə, əgər valideynlərdən biri tam sağlam, digəri isə talassemiya daşıyıcısıdırsa, hər hamiləlik zamanı uşağın 50 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla isə daşıyıcı doğulması mümkündür.

"Belə hallarda nə valideyn, nə də uşaq çox vaxt daşıyıcı olduğunu bilmir. Çünki daşıyıcılar tam sağlam görünür, ciddi qanazlığı və ya inkişaf problemi yaşamırlar. Bu səbəbdən də əksər hallarda həkimə müraciət etmirlər.

Ən böyük risk isə hər iki valideynin talassemiya daşıyıcısı olduğu hallarda yaranır. Bu zaman hər hamiləlik üçün ehtimallar belədir: uşağın 25 faiz xəstə, 50 faiz daşıyıcı və 25 faiz tam sağlam doğulma riski var.

Məhz buna görə dövlət səviyyəsində nikahdan əvvəl talassemiya müayinələrinin aparılmasına xüsusi önəm verilir. Məqsəd insanları narahat etmək deyil, gələcək nəsillərin sağlamlığını qorumaq, ağır formalı talassemiya ilə doğulan uşaqların sayını azaltmaq və ailələrin məlumatlı qərar verməsinə kömək etməkdir", – deyə Avesta Allahverdiyeva vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən