Talassemiya keçici xəstəlikdir? - Həkimdən AÇIQLAMA
"Talassemiya ilə bağlı ən geniş yayılmış yanlış fikirlərdən biri onun yoluxucu xəstəlik hesab edilməsidir. Əslində isə bu, tamamilə yanlışdır. Talassemiya hava-damcı yolu, təmas və ya məişət əlaqələri ilə keçən xəstəlik deyil. Bu, yalnız genetik yolla, yəni valideynlərdən övlada ötürülən irsi qan xəstəliyidir. Əgər valideynlərdən biri və ya hər ikisi qüsurlu geni daşıyırsa, müəyyən hallarda bu gen uşağa ötürülə bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında keçirilən canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva səsləndirdi.
Həkim vurğuladı ki, bu yanlış təsəvvürlər bəzən xəstələrin cəmiyyətə inteqrasiyasına və profilaktik tədbirlərin düzgün həyata keçirilməsinə mane olur.
"Digər geniş yayılmış fikir isə talassemiyanın tam ümidsiz bir xəstəlik olmasıdır. Diaqnoz qoyulduqda valideynlər çox zaman ciddi psixoloji sarsıntı keçirirlər. Halbuki müasir tibb bu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir.
Müalicənin əsasını müntəzəm qan köçürülməsi, dəmir yüklənməsinin qarşısını almaq üçün xelat terapiyasının vaxtında aparılması, həmçinin dövri laborator nəzarət və virus testləri təşkil edir. Bu xidmətlərin böyük hissəsi dövlət proqramı çərçivəsində təmin edilir.
Vaxtında və düzgün müalicə alan talassemiya xəstələri təhsil ala, işləyə, cəmiyyətə tam inteqrasiya oluna və normal həyat tərzi sürə bilərlər. Bu səbəbdən talassemiya diaqnozu ümidsizlik deyil, müntəzəm tibbi nəzarət və düzgün müalicə tələb edən bir vəziyyət kimi qiymətləndirilməlidir", – deyə Avesta Allahverdiyeva qeyd etdi.
NURİYYƏ













