"Fast food"un qanda buraxdığı təhlükəli izləri aşkar EDİLDİ

 16:16 08.07.2026     265

"Fast food" və digər ultraemal olunmuş qidaların müntəzəm qəbulu qanda xüsusi biokimyəvi dəyişikliklər yaradır. Alimlər bildirirlər ki, bu dəyişikliklər piy mübadiləsinin pozulması, hüceyrələrin enerji istehsalının zəifləməsi və metabolik stresslə əlaqəlidir.

Redaktor.az xəbər verir ki, beynəlxalq alimlər qrupunun apardığı araşdırmanın nəticələri "Critical Reviews in Food Science and Nutrition (CRFSN)" jurnalında dərc olunub.

Tədqiqat Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Araşdırmada Avropanın EPIC layihəsi çərçivəsində iştirak edən 15 200 nəfərin qidalanma vərdişləri və qan analizləri müqayisə edilib. Bunun üçün maddələr mübadiləsi zamanı yaranan molekulları araşdırmağa imkan verən hədəf metabolomikası metodundan istifadə olunub.

Nəticələr göstərib ki, fastfud, qazlı şəkərli içkilər, çipslər, qənnadı məmulatları və hazır yarımfabrikatlardan tez-tez istifadə edən insanların qanında 22 metabolitin səviyyəsi dəyişir. Bu dəyişikliklər piy mübadiləsinin pozulmasına, hüceyrələrin enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətinin zəifləməsinə və metabolik stress əlamətlərinə işarə edir.

Bundan əlavə, hüceyrə membranlarının bütövlüyünü və hüceyrələrarası əlaqəni təmin edən bəzi lipidlərin miqdarının azaldığı müəyyən olunub. Alimlər həmçinin səkkiz yağ turşusunun tərkibində dəyişiklik aşkar ediblər. Xüsusilə stearin turşusunun səviyyəsinin artması orqanizmdə yağ mübadiləsinin pozulmasına və ya doymuş yağların həddindən artıq qəbuluna işarə edə bilər.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr ultraemal olunmuş qidaların niyə piylənmə, 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və vaxtından əvvəl ölüm riskini artırdığını izah etməyə kömək edir. Mütəxəssislər hesab edirlər ki, bu qidalar yalnız faydalı məhsulları rasiondan sıxışdırmır, eyni zamanda hüceyrə səviyyəsində zərərli biokimyəvi prosesləri də işə salır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən