Bir neçə dəqiqəlik diqqət məşqi psixi sağlamlığı günlərlə yaxşılaşdıra bilər - ARAŞDIRMA

 09:21 09.07.2026     284

Cəmi bir neçə dəqiqə ərzində indiki ana şüurlu şəkildə diqqət yetirmək psixi sağlamlığı 2-4 gün ərzində yaxşılaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Mindfulness" jurnalında dərc olunan yeni araşdırmada bildirilib.

Araşdırma zamanı müəyyən edilib ki, indiki ana yönəlmiş şüurlu diqqət narahatedici və təkrarlanan düşüncələri azaldır, bu isə öz növbəsində stress və depressiya əlamətlərinin zəifləməsinə səbəb olur.

Tədqiqatı ABŞ-nin Corciya Texnologiya İnstitutunun, Şimali Corciya Universitetinin və Stenford Universitetinin alimləri həyata keçiriblər. Araşdırmada 264 tələbə iştirak edib. Onların yarısı səkkiz həftə ərzində meditasiya, nəfəs məşqləri və gündəlik işləri şüurlu şəkildə yerinə yetirməyə əsaslanan proqramda iştirak edib, digər yarısı isə nəzarət qrupunda olub.

İştirakçılar gün ərzində dörd dəfə smartfon vasitəsilə qısa sorğunu cavablandırıblar. Sorğuda onların həmin andakı diqqət səviyyəsi, narahat düşüncələri, özünə qarşı münasibəti və emosional vəziyyəti qiymətləndirilib.

Nəticələr göstərib ki, bir gündə şüurlu diqqətin artması növbəti gün narahatedici düşüncələrin azalmasına, bunun ardınca isə psixi sağlamlığın yaxşılaşmasına səbəb olur. Alimlər bildirirlər ki, ən mühüm amil məhz insanın diqqətini yayındıran və təkrarlanan mənfi düşüncələrin azalmasıdır.

Araşdırma həmçinin göstərib ki, yaşananları mühakimə etmədən qəbul etmək narahat düşüncələri azaltmağa kömək edir, hadisələri sakit şəkildə müşahidə etmək isə özünə qarşı mərhəmət hissini və müsbət emosiyaları artırır. Hər iki yanaşma nəticədə psixi sağlamlığın yaxşılaşmasına xidmət edir.

Mütəxəssislərin sözlərinə görə, bunun üçün uzunmüddətli hazırlıq və ya xüsusi təlim keçmək mütləq deyil. Hətta qısa müddət ərzində diqqəti indiki ana yönəltmək belə insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən