Uşaqlar üçün dəniz, yoxsa hovuz daha təhlükəsizdir? - Pediatr AÇIQLADI

 19:32 10.07.2026     371

"Çimərlik və hovuz yay istirahətinin ən populyar növlərindəndir. Xüsusilə uşaqlar üçün həm fiziki aktivlik, həm də istirahət baxımından faydalıdır. Ümumiyyətlə, su ilə təmas körpə yaşlardan 18 yaşadək uşaqların inkişafı üçün müsbət təsir göstərir. Lakin burada diqqət yetirilməli olan bir neçə vacib məqam var".

Bunu Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi. Onun fikrincə, "çimərlik daha təhlükəsizdir, yoxsa hovuz?" müqayisəsini aparmaq doğru deyil:

"Hər birinin həm üstün, həm də mənfi cəhətləri var. Dənizdən başlasaq, təbii dəniz suyunun duzlu olması və xlor tərkibli olmaması uşağın orqanizmi üçün müəyyən üstünlüklər yaradır. Dəniz suyunun dəriyə müsbət təsir göstərdiyini bildirən araşdırmalar da mövcuddur. Lakin ilk 6 ay ərzində körpələrin dəniz suyuna salınması tövsiyə edilmir. Çünki bu dövrdə körpələrin dərisi daha keçiricidir, minerallar dəridən sorularaq qana keçə bilər və böyrəklər tam inkişaf etmədiyi üçün müəyyən problemlərə səbəb ola bilər".

O qeyd etdi ki, altı aydan böyük uşaqlar dənizə aparılarkən isə valideynlər bir sıra məqamlara diqqət yetirməlidirlər:

"İlk növbədə suyun təmizliyi qiymətləndirilməlidir. Xarici ölkələrdə istirahət zamanı dəniz canlılarının, xüsusilə meduzaların və digər təhlükəli canlıların olub-olmamasına diqqət yetirilməlidir. Əgər uşağın açıq yarası varsa, dənizə girməsi məsləhət görülmür. Çünki infeksiya riski artır. Eyni zamanda, çimərlikdə xilasedici xidmətin mövcudluğu da vacib təhlükəsizlik amillərindəndir. Valideynlər xüsusilə iki yaşına qədər olan uşaqları bir an belə nəzarətsiz buraxmamalıdırlar. Bu yaş qrupunda uşaq valideyndən maksimum bir qol məsafəsində olmalıdır. Bundan əlavə, yaşa uyğun xilasedici vasitələrdən istifadə edilməlidir".

Pediatr hovuzlardan danışarkən onların əsas üstünlüyünün, düzgün qulluq göstərildiyi halda, infeksiya riskinin nisbətən aşağı olması olduğunu qeyd etdi:

"Su mütəmadi dəyişdirilir, lazımi səviyyədə xlorlanır və filtrasiya sistemi düzgün işləyirsə, mikroorqanizmlərin yayılma ehtimalı azalır. Lakin hovuzların mənfi tərəfləri də var. Bəzi hovuzlarda xlor normadan artıq istifadə olunur ki, bu da dəri qıcıqlanmasına, allergik səpkilərə, göz və digər selikli qişaların qıcıqlanmasına səbəb ola bilər.

Bundan əlavə, bütün mikroorqanizmlər xlorlu suda məhv olmur. Bəzi parazitlərin sporları günlərlə xlorlu suda yaşaya bilir. Buna görə hovuzun dezinfeksiya olunması infeksiyadan tam qorunma demək deyil. Əgər uşağın qızdırması, ishalı, qusması və ya açıq yarası varsa, onu nə dənizə, nə də hovuza aparmaq tövsiyə edilmir. Təəssüf ki, bəzən valideynlər uşağın qızdırmasını dərmanla salaraq onu istirahətə aparırlar. Bu isə düzgün yanaşma deyil. Belə hallarda həm uşağın vəziyyəti ağırlaşa, həm də xəstəlik digər uşaqlara keçə bilər".

Müsahibimiz vurğuladı ki, uşaqlar su hövzələrində olarkən daim valideyn nəzarəti altında olmalıdırlar:

"Boğulma riski çox qısa zaman ərzində yarana bilər. Xüsusilə iki yaşına qədər olan uşaqlar valideyndən bir qol məsafəsindən uzaqlaşmamalıdır. Daha böyük uşaqlarda da bütün təhlükəsizlik qaydalarına əməl edilməli və valideynin diqqəti daim uşağın üzərində olmalıdır. Digər vacib məqamlardan biri isə uşaqlara su udmamağın öyrədilməsidir. Xüsusilə böyük yaşlı uşaqlara izah edilməlidir ki, dənizdə və ya hovuzda olarkən suyu udmaq olmaz. Bu, müxtəlif infeksiyaların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən