Qarağatın bilinməyən FAYDALARI
Qarağat ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bunu kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, Kazan Dövlət Aqrar Universitetinin Bitkiçilik və Meyvəçilik kafedrasının dosenti Aleksandr Abramov gazeta.ru-ya açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, qarağat C vitamini, antosiyaninlər, polifenollar, rutin, pektin, üzvi turşular, kalium və dəmirlə zəngindir. Xüsusilə tərkibindəki antosiyaninlər və digər bitki mənşəli polifenollar ürək və qan damarlarının fəaliyyətinə müsbət təsir göstərə bilər.
Alim bildirib ki, antioksidantlar və polifenollar hüceyrələri oksidləşdirici stressdən qorumaqda iştirak edir və ürək-damar sisteminə təsirləri baxımından geniş şəkildə öyrənilir. Onun sözlərinə görə, Ribes cinsinə aid bitkilər üzərində aparılan tədqiqatlar bu meyvələrin tərkibindəki bioaktiv maddələrin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu göstərir. Bununla belə, elmi sübutların əksəriyyəti məhz qara qarağat üzərində aparılan araşdırmalara əsaslanır.
Abramov qeyd edib ki, qarağatın yüksək C vitamini tərkibi immun sisteminin normal fəaliyyətini dəstəkləyir və qidadan dəmirin mənimsənilməsini artırır.
O əlavə edib ki, qarağatın tərkibindəki pektinlər həzm sisteminin normal fəaliyyətinə və bağırsaq mikroflorasının qorunmasına kömək edən qida lifləridir, antosiyaninlər və digər polifenollar isə damar sağlamlığı baxımından perspektivli bioaktiv maddələr hesab olunur.
NURİYYƏ













