Uşaqları ağcaqanad dişləməsindən necə qoruyaq? - Pediatr AÇIQLADI
Yay aylarında ən aktual problemlərdən biri ağcaqanad dişləmələridir. Bu problem isə ən çox uşaqları narahat edir.
Maraqlıdır, bəs uşağı ev şəraitində uşaqları ağcaqanad dişləməsindən necə qoruya bilərik və dişlədikdən sonra nə edə bilərik?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı həkim-pediatr Günay Rəsulova sosial şəbəkə hesabında paylaşım edib.

Həkim qeyd edib ki, ağ sodanı bir az su ilə qatlaşdırıb krem formasına gətirdikdən sonra ağcaqanad dişləyən yerlərə sürtmək olar:
"Sodalı məhlul ağcaqanad dişlədikdən sonra yaranan qaşınmanı azaldır. Eyni zamanda şişkinliyin də qarşısını alır".
G.Rəsulova uşaq olan evdə ağcaqanad dərmanı yandırmaq məsələsinə də toxunub:
"Uşağı otaqdan çıxardıqdan sonra dərmanı yandırmaq olar. Uşağı təkrar otağa salmaq üçün isə otaq əvvəlcə havalandırılmalıdır. Ümumiyyətlə, uşaq olan otaqda dərman yandırmamaq və ağcaqanad əleyhinə aparat qoşmamaq məsləhətlidir.
Açıq səthlərə vurmaq üçün xüsusi qoruyucu kremlər var. Təbii vasitə olaraq isə nanə cövhəri və evkalipt yağı istifadə oluna bilər. Sprey qabına yağı töküb üzərinə su əlavə edərək sprey formasına salıb uşağın ətrafına vurmaq olar. Havaya çıxanda, çəmənliyə gedəndə spreyi püskürtdükdə bu, qoruyucu təsir göstərir. Bu üsullarla uşaqlarınızı qoruyun ki, ağcaqanadlar onları dişləməsin".
Aytəkin TOFİQQIZI













