Autizmlə bağlı ən çox verilən suala CAVAB: Genetikdir, yoxsa...?
Son illər Azərbaycanda autizim sindiromlu şəxslərin sayı artıb.
Bəs autizim xəstəliyi necə yaranır? Bu xəstəlik genetikdirmi?
Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, autizmi genetik xəstəlik saymaq düz olmaz:
"Bununla bağlı ortada konkret faktlar yoxdur. Gen mutasiyalarına bağlı məsələlər var, bunlarla bağlı çox ciddi araşdırmalar gedir, amma bütövlükdə bu xəstəlik autistik spektrli xəstəliklər qrupudur. Bu, əslində, ömürlük olaraq sinir sisteminin inkişafına bağlı və xüsusilə də insanların ünsiyyət, münasibət yaratmaq, davranış və digər sosiallaşma problemlərinə bağlı bir xəstəlikdir. Autizmli uşaqlarda artıq 1 yaşından sonra bu yavaş-yavaş sezilməyə başlayır. Təbii ki, autistik spektrin dərəcəsindən asılı olaraq bilirik ki, bu dəyişikliklər nə dərəcədə dərindir, nə dərəcədə yüngüldür. Ümumiyyətlə, təəssüf ki, bu cür uşaqların gündəlik köməyə ehtiyacı olur və bu uşaqlara daim nəzarət edilir. Yüngül formada olanlar özlərini idarə edə bilirlər, amma bəzilərində problemlər yaşanır".

Həkim autizimin yaranma səbəblərindən də danışdı:
"Birmənalı bir faktor, törədici yoxdur. Amma bir şey aydındır ki, autizmə gətirən səbəb dölün qüsurlu inkişafı ilə bağlıdır. Bu da sinir sisteminin inkişafına bağlı bir qüsurdur. Bu gün ekoloji faktorlar, içməli su, dərmanlar, qidaların tərkibində olan müxtəlif maddələr var. Dərmanlar, qida əlavələri, qidanın özünün keyfiyyətsiz olması, trans yağlar və çoxsaylı digər faktorlar mövcuddur. Axı döl də anadan qidalanır. Ana nə yeyirsə, təbii ki, o, dölə təsir edir. Təəssüflər olsun ki, hətta zərərsiz hesab etdiyimiz meyvə-tərəvəzlə də gün ərzində xeyli sərbəst radikallar qəbul edirik. Hələ marketdə satılan 90 faiz zərərli qidaları demirəm. Məsələ budur ki, insanların orqanizmində bu sərbəst radikalları neytrallaşdırmaq üçün çevik bir mexanizm olmalıdır. Axı bu mexanizmlər özləri də qidadan formalaşır. Ona görə də getdikcə bu problemlər dərinləşir. Problemlər dərinləşdikcə xəstəliklərin də sayı artır. Elə autizmin, autistik spektrli xəstəliklərin, uşaq serebral iflicinin, skelet anomaliyalarının və digər inkişaf qüsurlarının da sayı getdikcə artmaqdadır".
Aytəkin TOFİQQIZI













