Telefona baxaraq yemək yeyən uşaqları hansı risklər gözləyir? - Həkim AÇIQLADI
Bəzi hallarda uşaqların telefona baxaraq yemək yediyini görürük. Bəzən bunu uşaq özü istəyir, bəzən isə valideynlər övladının rahat yemək yeməsi üçün ona telefon verir.
Bəs bu, nə dərəcədə doğrudur?
Redaktor.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
G.Rəsulovanın sözlərinə görə, uşaqlara telefona baxaraq yemək vermək iştah probleminə səbəb olur:

"Yəni uşağınız yeməyi ancaq telefona baxaraq yeyirsə, bu zaman yemək prosesi düzgün alınmır. Çünki uşaq yemək prosesini anlamır və nə baş verdiyini dərk etmir. Uşaq insanın ən çox zövq aldığı proseslərdən birindən məhrum böyüyür. Belə uşaqlarda gələcəkdə yemək problemləri, ya iştahsızlıq, ya da hədsiz yemək, kilo artımı və obezitə riskinə səbəb olur. Odur ki, övladınız yemək yeyərkən yeməklə təmasda olmalıdır. Uşaq yeməyi görməli, toxunmalı və hiss etməlidir. Uşaqların nə yeyəcəyinə valideynlər, nə qədər yeyəcəyinə isə uşaq qərar verir. Uşaq yemək yeyəndə dayandısa, siz də dayanmalısınız. Qalanını yesin deyə qarşısına telefon qoymaq, gəzə-gəzə yedizdirmək yanlışdır.
İştah problemi olan uşaqda isə ilk olaraq səbəbin nə olduğu araşdırılmalıdır. Uşaq ailə ilə eyni masada oturmalı və bayaq qeyd etdiyim kimi, yeməyə toxunmalı və onu hiss etməlidir. Əks hallar mütləq ki, problemləri özü ilə gətirəcək".
Aytəkin TOFİQQIZI













