Evdə hazırlanan lavaş niyə təhlükəli ola bilər? - AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınan qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir.
İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə olunan lavaşlar qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb.
Maraqlıdır, bəs lavaş hazırlanarkən hansı məqamlara diqqət yetirmək lazımdır?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, lavaşın hazırlanması zamanı əsas diqqət yetirilməli məsələ gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl olunmasıdır:
"İstehsal yalnız sanitar tələblərə cavab verən müəssisələrdə həyata keçirilməli, istifadə olunan un, su və digər xammalların mənşəyi məlum və təhlükəsiz olmalıdır. Xəmirin hazırlanması, saxlanılması və bişirilməsi zamanı istifadə edilən avadanlıqlar mütəmadi təmizlənməli, işçilər şəxsi gigiyena qaydalarına riayət etməlidirlər.
Ev şəraitində icazəsiz hazırlanan lavaşlarda isə bu tələblərə çox vaxt əməl olunmur. Məhsulun hansı şəraitdə hazırlandığı, istifadə olunan suyun və xammalın keyfiyyəti, eləcə də daşınma və saxlanma şəraiti məlum olmur. Bu isə məhsulun bakteriyalarla çirklənməsi və qida zəhərlənməsi riskini artırır".
Müsahibimiz vurğuladı ki, hazır lavaş bişirildikdən sonra açıq havada, tozlu mühitdə və ya uyğun olmayan temperaturda saxlanılmamalıdır:
"Qablaşdırılarkən təmiz materiallardan istifadə edilməli, məhsulun üzərində istehsal tarixi, yararlılıq müddəti və istehsalçı barədə məlumat olmalıdır.
İstehlakçılara tövsiyə olunur ki, mənşəyi məlum olmayan, etiketlənməmiş və qeyri-rəsmi şəkildə satılan lavaşları almasınlar. Xüsusilə kütləvi tədbirlər və yas mərasimləri üçün qida məhsulları yalnız qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən müəssisələrdən alınmalıdır. Bu, qida mənşəli zəhərlənmələrin qarşısının alınmasında ən vacib amillərdən biridir".
Aytəkin TOFİQQIZI













