İsti havalarda uşaqları kondisionerdən necə qorumaq lazımdır? - Pediatr AÇIQLADI
"Valdeynlər bir çox hallarda kondisionerdən qorxurlar. Bu, yanlışdır. Kondisionerdən qorxmaq yox, kondisionerdən düzgün istifadə etmək lazımdır. Kondisioner birbaşa uşağın üstünə düşməməlidir. Kondisioner yanıb iki saat sonra otaq termometri ilə otağın havasının neçə dərəcə olduğuna baxmaq lazımdır. Bəzən çox soyuq olur, bu yanlışdır. Bəzən də isti olur, o da yanlışdır. Ən böyük yanlış isə kondisioneri tez-tez yandırıb söndürməkdir. Soyudub, isitmək. Bu da uşağın xəstələnməsinə səbəb ola bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Günay Rəsulova sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Pediatırın sözlərinə görə, bəzən olur ki, kondisioner bir otaqda yanır, hava o biri otaqlara paylanır:
"Belə olanda kondisionerin yandığı otaqda hava daha soyuq olur və uşaq gah o otağa, gah bu otağa düşürsə, kontrasta düşür və bu da uşağı xəstələndirə bilər. Düzgün olan nədir? Stabil və optimal temperaturu saxlamaqdır. Əgər hava paylanırsa, kondisioner bu otaqda yanır, o biri otağa düşürsə, mümkün olduqca uşağı həmin otaqda saxlamaq lazımdır və yaxud da söndürüb o otağın havasını neytrallaşdırdıqdan sonra digər otağa keçirmək lazımdır.
Kondisionerdən sonra evin havası quruya bilər, buna da fikir vermək lazımdır. Kondisioner yanandan sonra uşaq öskürürsə, otağın nəmliyinin, yəni rütubətinin və temperaturunun necə olduğunu izləmək lazımdır. Yaxşı olar ki, bu obyektiv izlənilsin, yəni rütubətölçənlə, temperaturölçənlə izlənilsin. Kondisioner yanıb iki saat sonra otaq 21–23 dərəcə arasında olsa, optimaldır. Çölün temperaturu ilə çox kəskin fərq olmamalıdır və rütubətin də normal olduğuna, kondisionerin evin havasını qurutmadığına fikir vermək lazımdır. Rütubəti 40–60 faiz arasında saxlamaq optimaldır.
Ən çox yol verilən səhv maşında gedərkən maşının havasının çox soyuq olmasıdır. Çünki maşında hava tez soyuduğuna görə kondisioneri elə yandırmalıyıq ki, maşınla çöl arasında kəskin temperatur fərqinə uşaq düşməməlidir. Yəni isinib-soyumaq olmamalıdır ki, xəstələnməsin".
Aytəkin TOFİQQIZI













