Yatmazdan əvvəl bu qida və içkilərdən uzaq durun - XƏBƏRDARLIQ

 08:33 21.07.2026     350

Dietoloqlar daha yaxşı və keyfiyyətli yuxu üçün axşam saatlarında bəzi qida və içkilərdən uzaq durmağı tövsiyə ediblər.

Redaktor.az xəbər verir ki, dietoloqlar Loren Manaker və Tobi Amidor bu barədə “Martha Stewart”a açıqlamalarında danışıblar.

Mütəxəssislərin sözlərinə görə, axşam saatlarında kofeinli içkilər və məhsullar qəbul etmək yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxuya cavabdeh hormonların fəaliyyətinə mane olur. Bu maddə yalnız qəhvədə deyil, çayda, “Coca-Cola”da və şokoladda da mövcuddur.

Dietoloqlar axşam yeməyində quru meyvələrdən də uzaq durmağı məsləhət görürlər. Lif və şəkərlə zəngin olan bu məhsullar bəzi insanlarda şişkinlik və qaz yarada bilər.

Mütəxəssislər yatmazdan əvvəl spirtli içkilər qəbul etməməyi də tövsiyə ediblər. Spirt gecə ərzində tez-tez oyanmağa, sidiyə getmə istəyinin artmasına və yuxunun keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.

Dietoloqlar həmçinin axşam saatlarında ağır, yağlı və ədviyyatlı qidalardan, xüsusilə də fast food məhsullarından uzaq durmağı tövsiyə edirlər. Bu cür qidalar həzmsizlik və ürəkbulanma yarada, nəticədə yuxuya getməyi çətinləşdirə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən