Uşaqları məktəbə göndərməzdən əvvəl hansı müayinələr edilməlidir? - Açıqlama
"Məktəbə getməzdən əvvəl 6 yaşlı uşaqların mütləq ürək və göz müayinələrindən keçməsi, həmçinin ümumi tibbi yoxlamadan keçirilməsi şərtdir. Qan azlığının, B12 çatışmazlığının olub-olmaması müəyyən edilməlidir. Çünki dəmir və B12 çatışmazlığı diqqətə, yaddaşa, koqnitiv funksiyalara, hətta davranışlara belə ciddi təsir edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Günay Rəsulova sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, ürək müayinəsi zamanı 6 yaşa qədər keçirilmiş infeksiyaların ürəyə təsir edib-etmədiyi, revmatik ürək dəyişikliklərinin olub-olmaması müəyyənləşdirilir:
"Anadangəlmə bəzi dəliklər ola bilər ki, heç bir küy yaratmır. Bu baxımdan, məktəbəqədər yaşda hər bir uşağın ən azı bir dəfə exokardioqrafik müayinədən keçirilməsi, ürəkdə revmatik dəyişikliklərin olub-olmadığının dəqiqləşdirilməsi məqsədəuyğundur.
Həmçinin uşağın görmə qabiliyyətinin yaxşı olması, lövhəni aydın görə bilməsi, dərsi yaxşı qavraması, dərsdə yuxulamaması və tez yorulmaması üçün məktəbə başlamazdan əvvəl bu müayinələrdən keçirilməsi vacibdir".
Aytəkin TOFİQQIZI













