Bu havada çölə çıxmaq təhlükəli ola bilər - Professor xəbərdarlıq ETDİ

 20:03 24.07.2026     416

Bildiyimiz kimi, son günlər havanın temperaturu getdikcə yüksəlir və ölkədə isti hava şəraiti hökm sürür. Belə günlərdə xüsusilə günvurma və istivurma halları ilə bağlı müraciətlərin artdığı müşahidə olunur.

Maraqlıdır, yüksək temperaturun insan sağlamlığına mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Günvurma və istivurmanın qarşısını almaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, son dövrlərdə hava şəraiti qeyri-standart xarakter alıb.

"İstilərlə bağlı müşahidələr göstərir ki, onların coğrafi yayılmasında dəyişiklik baş verir. Məsələn, əvvəllər belə yüksək temperaturun müşahidə olunmadığı Avropa ölkələrində indi rekord istilər qeydə alınır. Gələcəkdə isə ekvator zonasında temperaturun müəyyən qədər enməsi kimi proseslərin də şahidi ola bilərik. Bütün bunlar Yer kürəsinin istilik balansının pozulması ilə bağlıdır. Atmosferdə karbon qazının və digər istixana qazlarının həddindən artıq toplanması onların istiliyi və su buxarını saxlamasına səbəb olur. Bildiyimiz kimi, Günəş əsasən Yer səthini qızdırır, atmosfer isə birbaşa deyil, dolayı yolla isinməyə başlayır. Məhz buna görə də yüksəklik artdıqca hava temperaturu aşağı düşür və yay fəslində belə yüksək dağlıq ərazilərdə sərin, hətta soyuq hava müşahidə olunur. Yer səthi qızdıqdan sonra ondan ayrılan istilik şüaları atmosferdə istixana qazları tərəfindən tutulur və kosmosa tam şəkildə yayıla bilmir. Nəticədə atmosfer daha çox isinməyə başlayır. Temperaturun yüksəlməsi okean və dəniz səthlərindən buxarlanmanı artırır ki, bu da intensiv yağıntılara və bizim üçün xarakterik olmayan iqlim hadisələrinin yaranmasına səbəb olur. Təbii ki, bu dəyişikliklər gələcəkdə flora və faunanın inkişafına da ciddi təsir göstərəcək".

Müsahibimiz qeyd etdi ki, isti havalarda ən ciddi təhlükələrdən biri istivurma və günvurmadır:

"İstivurma təkcə açıq havada deyil, yüksək temperatur olan istehsalat sahələrində, məsələn, poladəritmə və digər metallurgiya müəssisələrində də baş verə bilər. Belə müəssisələrdə çalışan işçilər xüsusi təhlükəsizlik təlimatlarına uyğun fəaliyyət göstərməli, müəyyən fasilələrlə sərin mühitə keçməlidirlər ki, orqanizmin həddindən artıq qızmasının qarşısı alınsın. Normal şəraitdə insan orqanizmi bədən temperaturunu tənzimləyən kompensasiya mexanizmlərinə malikdir. Damarlar genişlənir, tərləmə artır, istiliyin bir hissəsi dəri və tənəffüs vasitəsilə xaric olunur. Lakin yüksək temperaturun təsiri uzun müddət davam etdikdə bu mexanizmlər kifayət etmir və bədənin daxili temperaturu yüksəlməyə başlayır".

Professor bildirdi ki, bədən temperaturu kritik həddə çatdıqda mikrosirkulyasiya pozulur, toxumalara oksigen və qida maddələrinin çatdırılması zəifləyir:

"Bunun nəticəsində arterial təzyiq enir, insanı soyuq tər basır, gözləri qaralır və huşunu itirə bilər. Bunlar istivurmanın ilk əlamətləri hesab olunur. Belə hallarda zərərçəkən şəxs dərhal sərin yerə aparılmalı, başına yaş dəsmal qoyulmalı, bədəni yaş dəsmalla silinməli və ona sərin, lakin buz kimi olmayan su verilməlidir. Məqsəd bədən temperaturunu tədricən normallaşdırmaqdır".

Onun sözlərinə görə, günvurma zamanı isə yüksək temperaturla yanaşı, ultrabənövşəyi şüaların birbaşa təsiri də mühüm rol oynayır:

"Buna görə də xüsusilə baş nahiyəsinin Günəş şüalarından qorunması vacibdir. Təəssüf ki, günvurma halları bu gün də kifayət qədər geniş yayılıb. Bu səbəbdən açıq havada olarkən baş örtüyündən, günəş çətirindən və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur ki, Günəş şüaları birbaşa baş nahiyəsinə təsir göstərməsin".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən