Maqnit qasırğaları düşünüldüyündən daha təhlükəli ola BİLƏR
Maqnit qasırğalarının Yer kürəsinə təsiri alimlərin əvvəlki hesablamalarından daha ciddi ola bilər. Bu cür hadisələr qlobal peyk rabitəsinin pozulmasına, genişmiqyaslı elektrik kəsintilərinə, eləcə də astronavtlar və pilotların daha yüksək radiasiya təsirinə məruz qalmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin və Lankaster Universitetinin Fizika və Astronomiya Məktəbinin alimlərinin birgə apardığı araşdırmada qeyd olunur.
Uzun müddət alimlər hesab edirdilər ki, Yer atmosferinin yuxarı qatlarının Günəş küləyinin təsirinə reaksiyasının müəyyən bir həddi var. Bu yanaşmaya görə, həmin hədd keçildikdən sonra atmosferdə yaranan elektrik cərəyanlarının gücü artmamalı idi.
Lakin yeni tədqiqatlar göstərir ki, bu məhdudiyyət əslində yanlış təsəvvür ola bilər. Alimlərin fikrincə, güclü maqnit qasırğaları gözləniləndən daha böyük təsir göstərə və kosmik texnologiyaların, enerji sistemlərinin fəaliyyətinə ciddi təsir edə bilər.
Xədicə BAXIŞLI













