Meyvə və tərəvəzləri yumağın düzgün yolu AÇIQLANDI

 09:25 28.07.2026     329

Meyvə və tərəvəzlərin düzgün yuyulması infeksiyalardan qorunmaq və üzərində qalan kimyəvi maddələri azaltmaq üçün vacibdir.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Dmitri Demidik lenta.ru-ya danışıb.

Onun sözlərinə görə, meyvə qabığı soyulacaqsa belə, əvvəlcə mütləq yuyulmalıdır. Əks halda qabığın üzərindəki çirk və bakteriyalar bıçaq vasitəsilə meyvənin içinə keçə bilər. Həkim məhsulların yalnız istifadə etməzdən əvvəl yuyulmasını tövsiyə edir. Çünki nəm mühit bakteriyaların çoxalmasını sürətləndirir.

Demidik bildirib ki, meyvə və tərəvəzlər 1-2 dəqiqə ərzində axar suyun altında əllə və ya yumşaq fırça ilə yaxşıca yuyulmalıdır. Alma və armud kimi sərt qabıqlı meyvələr fırça ilə təmizlənməli, zərif qabıqlı meyvələr isə sadəcə axar su ilə yaxalanmalıdır.

Həkim göyərti və yarpaqlı tərəvəzlərə xüsusi diqqət yetirilməsini də tövsiyə edib. Onun sözlərinə görə, saralmış və zədələnmiş yarpaqlar çıxarıldıqdan sonra göyərtilər 15 dəqiqə soyuq suda saxlanmalı, su bir neçə dəfə dəyişdirilməlidir.

Mütəxəssis qarpız, qovun və balqabaq kimi torpaq üzərində yetişən məhsulların isti su və fırça ilə yuyulmasını, giləmeyvələrin isə süzgəcdə axar su altında 5-7 dəqiqə yuyulmasını məsləhət görüb. Çiyələyi isə əvvəlcə 5-10 dəqiqə soyuq suda saxlamaq tövsiyə olunur.

Həkim vurğulayıb ki, meyvə və tərəvəzləri yumaq üçün sabun və ya qabyuyan vasitələrdən istifadə etmək olmaz. Qalın qabıqlı meyvələrdə pestisidlərin azalması üçün onları 15-20 dəqiqə ilıq suda və ya hər litr suya iki çay qaşığı çörək sodası əlavə olunmuş məhlulda saxlamaq faydalıdır.

Sonda məhsulların təmiz dəsmal və ya kağız dəsmal ilə qurudulması tövsiyə edilir. Bu, artıq nəmi aradan qaldırır və bakteriyaların çoxalma riskini azaldır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən