Yay aylarında niyə xəstələnirik? - Həkim açıqladı
Yay aylarında havaların isti keçməsinə baxmayaraq, soyuqdəymə və kəskin respirator virus infeksiyalarına yoluxmaq mümkündür.
Redaktor.az xəbər verir ki, həkim Svetlana Burnatskaya aif.ru-ya açıqlamasında yayda soyuqdəyməyə səbəb olan əsas amillərdən danışıb.
Həkimin sözlərinə görə, temperaturun qəfil dəyişməsi xəstələnmə riskini artıra bilər. Məsələn, 35 dərəcə isti havadan kondisionerin 18-20 dərəcəyə qədər soyutduğu otağa keçdikdə orqanizm temperatur fərqinə uyğunlaşmalı olur.
Soyuq hava birbaşa virus infeksiyasına səbəb olmasa da, burun və boğazın selikli qişasının müdafiəsini zəiflədə bilər. Bu isə virusun orqanizmə daxil olmasını asanlaşdıra bilər.
Həkim həmçinin çox soyuq içkilər qəbul etməyin, isti havadan sonra uzun müddət soyuq suda qalmağın və kondisionerin qarşısında üşüməyin də xəstələnmə riskini artıra biləcəyini bildirib.
Burnatskaya qeyd edib ki, kondisionerlər özləri virus mənbəyi deyil. Lakin onların filtrləri vaxtında təmizlənmədikdə toz, allergenlər və bəzi mikroorqanizmlər toplana bilər. Bundan əlavə, quru hava tənəffüs yollarının selikli qişasını qurudaraq infeksiyalara qarşı həssaslığı artıra bilər.
Aytəkin TOFİQQIZI













