Yayda yuxu niyə pozulur? - Həkim səbəbləri açıqladı

 09:30 03.08.2026     291

Yay aylarında yuxu problemləri daha çox günəşin erkən çıxması, gec batması və bəzi gündəlik vərdişlərlə əlaqədar yarana bilər.

Redaktor.az xəbər verir ki, yuxu mütəxəssisi Kristofer JAllen “Yahoo”ya açıqlamasında yayda yuxu pozuntularının səbəblərindən danışıb.

Onun sözlərinə görə, günün ikinci yarısında həddindən artıq su içmək gecə yuxusunu poza bilər. Axşam saatlarında çoxlu su qəbul edən şəxslər gecə ərzində dəfələrlə tualetə getmək üçün oyana bilərlər.

Həkim həmçinin axşam saatlarında intensiv fiziki məşqlərin yuxuya mənfi təsir göstərə biləcəyini bildirib. Güclü məşq zamanı bədən temperaturu, ürək döyüntüsü, adrenalin və kortizol səviyyəsi yüksəlir ki, bu da yuxuya getməyi çətinləşdirə bilər.

Allen yatmazdan 2-3 saat əvvəl çoxlu su içməməyi və intensiv məşqlərdən uzaq durmağı tövsiyə edib. Onun fikrincə, axşam saatlarında yoqa və pilates kimi daha yüngül məşqlərə üstünlük vermək olar.

Mütəxəssis qeyd edib ki, yayda erkən günəş doğması və gec günəş batması da orqanizmin bioloji saatına təsir göstərərək yuxu rejimini gecikdirə bilər.

Allen yuxu rejimini qorumaq üçün hər səhər eyni vaxtda oyanmağı məsləhət görüb. Onun sözlərinə görə, hər gün təxminən eyni vaxtda oyanmaq sirkadiyalı ritmin sabitləşməsinə kömək edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən