Uşaqlar niyə qəbizlikdən əziyyət çəkir? - Həkimdən AÇIQLAMA
"Valideynlər, təəssüflər olsun ki, uşaqların qidalanmasına çox dırnaqarası yanaşırlar. Uşaqların əksəriyyəti makaron, karbohidrat yeyir, lifdən çox kasıb qidalanır. Lif və maye kifayət qədər olmur və əlbəttə ki, bu da onlarda qəbizliyin əsas səbəblərindən biridir. Qəbizlikdən əziyyət çəkən 100 uşaqdan 95%-inin səbəbi daha çox qidalanma və funksional səbəblərə bağlıdır. Bunun altında orqanik, ciddi və bizdən asılı olmayan səbəblər yoxdur".
Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Günay Rəsulova sosial şəbəkə hesabında səsləndirib.
"Şrniyyatlar, zərərli və paketə girmiş qidalar, "fast-food" ağırlıqlı qidalanmalar (bir az böyük yaş qrupu uşaqlarında) – ən çox qidalanmaya bağlı qəbizlik səbəbləridir. Bunun da müalicəsi çox zaman simptomatik müalicə olaraq aparılır. Yəni altında yatan bir orqanik səbəb yoxdur ki, biz bunu bir dəfəlik əməliyyat edək, canımızı qurtaraq. Ömür boyu uşağın qidasına və həyat tərzinə fikir verməyə məcburuq.
Fikir vermədiyiniz müddətdə neçə dəfə müalicə edirsiniz edin, müalicə müddətində düzələcək, müalicəni kəsəcəksiniz, yenə eyni şey olacaq. Nəticə dəyişməyəcək. Burada artıq həkimin, dərmanın, protokolların bir günahı yoxdur, əsas həyat tərzi düzəldilməlidir. Uşağın qidalanma tərzi düzəldilməlidir".
O vurğulayıb ki, qidada lifi artırmaq lazımdır:

"Yəni uşağın yaşına uyğun lifli qidalar verilməlidir. Lif ən çox nədədir? Meyvə, tərəvəz və göylərdə. Bunlar uşaq rasionunda mütləq olmalıdır. Bəzən uşağa meyvə verəndə çəkib suyunu verirlər. Yəni rahata qaçırlar. Suyunda lif yoxdur, əsas lif meyvənin posasındadır, özündədir".
Aytəkin TOFİQQIZI













