Alzheimer xəstələrinin beynində əvvəllər məlum olmayan strukturlar TAPILDI
Alimlər Alzheimer xəstəliyi ilə bağlı yeni kəşfə imza atıblar.
Redaktor.az xəbər verir ki, ABŞ-nin Minnesota Universitetinin bioloqları Alzheimer xəstəliyindən əziyyət çəkən insanların və laboratoriya siçanlarının beynində indiyədək təsvir edilməmiş zədələnmiş mitoxondrilərin yığıntılarını aşkarlayıblar. Araşdırmanın nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.
Tədqiqat zamanı "mitoxondrial lövhəciklər" adlandırılan bu strukturlar həm genetik dəyişdirilmiş siçanların beynində, həm də Alzheimer xəstəliyindən vəfat etmiş insanların beyin toxumalarında müəyyən edilib. Eyni yaşda olan sağlam insanlarda isə belə yığıntılara rast gəlinməyib.
Alimlərin sözlərinə görə, amiloid lövhəciklərdən fərqli olaraq, mitoxondrial lövhəciklər neyronlara hüceyrənin daxilindən zərər verir. Onlar sinir hüceyrələrinin çıxıntılarında akson və dendritlərdə toplanaraq hüceyrələrin fəaliyyətini pozur.
Tədqiqat müəllifləri bildirirlər ki, bu lövhəciklərin yaranması zədələnmiş mitoxondrilərin hüceyrədən təmizlənməsini təmin edən mitofagiya prosesinin pozulması ilə əlaqədardır. Zaman keçdikcə bu yığıntılar artır və hüceyrələr onları aradan qaldıra bilmir.
Araşdırma müəllifləri hesab edirlər ki, gələcəkdə həm amiloid, həm də mitoxondrial lövhəcikləri eyni vaxtda hədəf alan kombinə edilmiş müalicə üsulları Alzheimer xəstəliyinin müalicəsində daha effektiv nəticə verə bilər.
Xədicə BAXIŞLI













