Beyin sağlamlığını qoruyan gündəlik VƏRDİŞLƏR

 09:39 04.08.2026     300

Beyin sağlamlığını qorumaq üçün xüsusi və ağır məşqlərə ehtiyac yoxdur. Gündəlik həyatda formalaşdırılan kiçik, lakin davamlı vərdişlər yaddaş və diqqətin yaxşılaşmasına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, nevroloq Yekaterina Usanova lenta.ru-ya açıqlamasında beyin üçün faydalı olan gündəlik vərdişləri açıqlayıb.

Mütəxəssis bildirib ki, təbiətdə gəzmək beynin fəaliyyəti üçün ən faydalı vərdişlərdən biridir. Meşə və parkda gəzinti zamanı qan dövranı yaxşılaşır, stress hormonu olan kortizolun səviyyəsi azalır və diqqət daha yaxşı bərpa olunur.

Onun sözlərinə görə, həftədə bir neçə dəfə 20 dəqiqə təbiətdə gəzmək belə narahatlığı azaltmağa və diqqəti artırmağa kömək edə bilər.

Nevroloq yuxu rejiminin də beyin sağlamlığında mühüm rol oynadığını vurğulayıb. Hər gün eyni saatlarda yatıb oyanmaq beynin normal fəaliyyətini dəstəkləyir. Xroniki yuxusuzluq və tez-tez dəyişən yuxu rejimi isə zamanla yaddaşa və düşünmə sürətinə mənfi təsir göstərə bilər.

Qidalanma da diqqətdən kənarda qalmamalıdır. Mütəxəssis qeyri-müntəzəm qidalanmanın və həddindən artıq sadə karbohidrat qəbulunun qan şəkərində kəskin dəyişikliklərə səbəb ola biləcəyini qeyd edib.

Fiziki aktivlik də beyin üçün faydalıdır. Bunun üçün mütləq ağır idmanla məşğul olmaq lazım deyil. Rəqs, üzgüçülük, velosiped sürmək və digər müntəzəm hərəkətlər də beyin üçün faydalı hesab olunur.

Nevroloq həmçinin canlı ünsiyyətin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, söhbət zamanı yaddaş, nitq, diqqət və emosional reaksiyalar eyni vaxtda işə düşür. Buna görə də sosial ünsiyyət də beynin aktiv qalmasına kömək edən vacib amillərdən biridir.

Mütəxəssisin fikrincə, beyin sağlamlığı üçün əsas məsələ nadir hallarda edilən intensiv fəaliyyət deyil, gündəlik həyatda faydalı vərdişlərin davamlı şəkildə qorunmasıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən