Uşaqlara qarpız neçə ayından verilməlidir? - Pediatrdan AÇIQLAMA
Bildiyimiz kimi, yay mövsümündə ən çox sevilən meyvələrdən biri də qarpızdır. Valideynlər bu meyvənin faydalarına görə körpələrə tez-tez bu meyvəni yedizdirirlər. Lakin mütəxəssislərin bu məsələdə fikirləri birmənalı deyil. Bəziləri qarpızın müəyyən yaşdan sonra uşaqlar üçün faydalı olduğunu bildirsə də, digərləri onun erkən yaşlarda verilməsinin sağlamlıq baxımından risk yarada biləcəyini vurğulayır.
Bəs uşaqlara qarpız hansı yaşdan etibarən verilməlidir? Qarpızın uşaq orqanizmi üçün əsas faydaları və mümkün zərərləri nələrdir?
Pediatr Şəlalə Poluxova Redaktor.az-a açıqlamasında bildirdi ki, qarpız uşaqlara verilə bilər:
"Sadəcə, burada verilmə yaşı və verilmə forması çox önəmlidir. Körpələrə qarpız əlavə qidaya başlandıqdan sonra, yəni təxminən 6 aylıqdan etibarən az miqdarda verilə bilər. Qarpız yaxşı yetişmiş, dərmansız, qatqısız və etibarlı mənbədən alınmış olmalıdır. Altı aydan əvvəl isə digər qidalar kimi qarpızın da verilməsi məsləhət görülmür".
Həkim qeyd etdi ki, qarpızın verilmə formasına da diqqət yetirmək lazımdır:
"Bəzən onu kiçik kublar şəklində doğrayaraq uşaqlara verirlər. Bu düzgün deyil, çünki aspirasiya və boğulma riskini artırır. Bu yaşa uyğun şəkildə təqdim edilməlidir. Körpələr üçün qarpız əzilmiş və ya yumşaq formada, tumları çıxarılmış şəkildə verilməlidir. Daha böyük uşaqlara isə rahat tutulacaq ölçüdə, yumşaq və tumları çıxarılmış formada təqdim etmək daha məqsədəuyğundur. Qarpızın bir sıra faydalı xüsusiyyətləri var. Tərkibində bol su olduğuna görə isti havalarda uşaqların maye ehtiyacının müəyyən hissəsini ödəməyə kömək edir. Bundan əlavə, müxtəlif vitaminlər, lif və antioksidantlarla zəngindir. Bu baxımdan qarpız uşaqlar üçün faydalı meyvələrdən biridir".
Onun sözlərinə görə, qarpızın faydalı olması onun həddindən artıq miqdarda verilməsi demək deyil:
"Kiçik yaşlı uşaqlarda porsiyalara mütləq nəzarət edilməli, yaşa uyğun hazırlanmalı və böyük porsiyalarla təqdim edilməməlidir. Qısacası, qarpız həyatın ilk aylarında körpələrə verilməməlidir. Əlavə qidaya başlanıldıqdan sonra isə digər meyvələr kimi kiçik porsiyalarla rasiona daxil edilə bilər. Bunun üçün qarpızın yaxşı yuyulmuş, tumları çıxarılmış, dərmansız və etibarlı mənbədən əldə olunmasına diqqət yetirilməlidir. Ən vacib məqam isə hər bir qidada olduğu kimi, qarpızın da yaşa uyğun və ölçülü şəkildə verilməsidir".
Xədicə BAXIŞLI













