Yuxu pozğunluğunun təhlükəli olduğunu göstərən ƏLAMƏTLƏR

 09:32 05.08.2026     341

Yuxu zamanı nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan yuxu apnesi insanın sağlamlığı üçün ciddi risk yarada bilər. Mütəxəssislər bu pozğunluğun yalnız gecə deyil, gün ərzində də özünü göstərən bir sıra gizli əlamətlərinin olduğunu bildirirlər.

Redaktor.az xəbər verir ki, pulmonoloq Suman Paul və somnoloq Bruk Judd yuxu apnesinin gündüz əlamətləri barədə danışıblar.

Həkimlərin sözlərinə görə, əsas əlamətlərdən biri gün ərzində həddindən artıq yorğunluqdur. Gecə ərzində nəfəsin dəfələrlə dayanması insanın tam dincəlməsinə mane olur və səhər yorğun oyanmasına səbəb ola bilər.

Yuxu apnesi səhərlər baş ağrısı ilə də özünü göstərə bilər. Bu, yuxu zamanı nəfəsin dayanması nəticəsində orqanizmdə oksigen səviyyəsinin azalması ilə əlaqələndirilir.

Digər əlamətlər arasında libido azalması, gün ərzində güclü yuxululuq və “beyin dumanı” da var. Mütəxəssislər bildirirlər ki, bəzi insanlarda yuxululuq o qədər güclü ola bilər ki, onlar söhbət zamanı, hətta avtomobil idarə edərkən bilmədən yuxuya gedə bilərlər.

Yuxu apnesi olan insanlarda qan təzyiqinin yüksəlməsi də müşahidə oluna bilər.

Həkimlər yuxu apnesinin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Onların sözlərinə görə, müalicə olunmayan yuxu apnesi ürək-damar xəstəlikləri riskini artıra, həmçinin Parkinson xəstəliyi və demansla əlaqəli ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən