Yeni doğulan körpə nə vaxt açıq havaya çıxarıla bilər? - Pediatrdan vacib TÖVSİYƏLƏR
El arasında belə bir inanc var ki, yeni doğulan körpəni 40 gün ərzində evdən çölə çıxarmaq olmaz. Bəs bu fikir tibbi baxımdan nə dərəcədə doğrudur? Xüsusilə yay aylarında dünyaya gələn körpələrə necə qulluq edilməli, onlar hansı şəraitdə açıq havaya çıxarılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti, TTK-nın həkim-pediatrı Nigar Bayramova bildirdi ki, bu, elmi əsaslara söykənən tibbi tövsiyə deyil:

"Sağlam və vaxtında doğulmuş körpənin 40 gün ərzində evdən çıxarılmaması ilə bağlı hər hansı tibbi göstəriş mövcud deyil. Əksinə, hava şəraiti əlverişli olduqda və körpə hava şəraitinə uyğun geyindirildikdə, həyatının ilk günlərindən etibarən qısa müddətli açıq hava gəzintilərinə çıxarılması mümkündür. Yay aylarında isə bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Körpə birbaşa günəş şüaları altında saxlanılmamalı, günün ən isti saatlarında – saat 11:00-dan 17:00-dək açıq havaya çıxarılmamalıdır. Gəzinti üçün kölgəli, sərin və yaxşı havalanan mühit seçilməsi tövsiyə olunur. Bundan başqa, ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrə, həkimin xüsusi göstərişi olmadığı halda, əlavə su verilməsinə ehtiyac yoxdur. Odur ki, "körpəni 40 gün çölə çıxarmaq olmaz" fikri tibbi göstəriş deyil, cəmiyyətdə uzun illərdir formalaşmış bir inancdır. Körpənin ümumi sağlamlıq vəziyyəti yaxşıdırsa və pediatr tərəfindən hər hansı əks göstəriş müəyyən edilməyibsə, açıq havada qısa müddətli gəzintilər həm körpənin, həm də ananın fiziki və psixoloji sağlamlığı baxımından faydalıdır".
NURİYYƏ













