"Kolostrum körpənin ilk peyvəndi hesab olunur" - Həkimdən MƏSLƏHƏT

 15:13 05.08.2026     365

"Bildiyimiz kimi, ana südünün yaranmasının üç mərhələsi var. Birinci mərhələdə ağız südü, yəni kolostrum yaranır. Bu süd doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova dedi.

Həkim vurğuladı ki, daha sonra keçid südü yaranır ki, bu mərhələ təxminən 7-14 gün davam edir:

"14-cü gündən sonra isə yetkin süd süd vəzilərində istehsal olunmağa başlayır. Ana südünün miqdarı və tərkibi ananın qidalanmasından, orqanizmin xüsusiyyətlərindən və gündəlik rejimindən asılı olaraq dəyişə bilər. Kolostrum, yəni ağız südü, doğuşdan sonrakı ilk 5 gündə yaranan süddür. Alimlər onu körpənin "ilk peyvəndi" də adlandırırlar. Çünki kolostrumun tərkibi yağlarla zəngindir. Eyni zamanda onun tərkibində immunoqlobulin A, lizosim, laktoferrin və canlı immun hüceyrələri mövcuddur. Körpə həyatının ilk sutkasından etibarən bu südlə qidalandıqda, həmin maddələr burun yollarında, qida borusunda və həzm sistemində qoruyucu təbəqə əmələ gətirir. Bu qoruyucu təbəqə sonrakı dövrlərdə infeksion və yoluxucu xəstəliklərin yaranma riskinin azalmasına kömək edir. İlk sutkalarda anaların süd vəzilərində təxminən 40–50 millilitr süd istehsal olunur. Sonrakı dövrdə isə bu miqdar tədricən artaraq gündə 700–800 millilitrə qədər çata bilir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən