Sağılan ana südü hansı şəraitdə saxlanılmalıdır? - Pediatrdan XƏBƏRDARLIQ
"Ana südünün sağılması da təhlükəsiz və düzgün üsullardan biridir. Ancaq buradan tövsiyə edərdim ki, ana südü sağılarkən və saxlanılarkən mütləq saxlanma şəraitinə diqqət yetirilsin. Xüsusilə otaq temperaturuna fikir verilməlidir. Süd gigiyenik qablarda və ya məhz ana südünün saxlanması üçün hazırlanmış xüsusi paketlərdə saxlanılmalıdır. Yəni bu zaman gigiyenik qaydalara mütləq riayət edilməlidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova vurğuladı.
Həkim qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, ana südünü otaq temperaturunda 4 saata qədər saxlamaq mümkündür:
"Lakin gigiyenik qaydalara tam riayət olunduğu halda, bu müddəti bəzi hallarda 6 saata qədər uzatmaq da mümkündür. Soyuducunun aşağı hissəsində ana südü 4 günə qədər, dondurucuda isə 6 aya qədər saxlanıla bilər. Dondurucuya yerləşdirilən süd qablarının və ya paketlərinin üzərinə mütləq sağılma tarixi yazılmalıdır. Ana südünün isidilməsinə də xüsusi diqqət yetirilməlidir. Buradan analarımıza tövsiyə edirəm ki, südü mikrodalğalı sobada qızdırmasınlar. Çünki bu zaman südün tərkibi dəyişə bilər. Ana südünü yalnız axar ilıq suyun altında və ya ilıq su vannasında ehtiyatla isidərək körpənin qəbul edə biləcəyi temperatura çatdırmaq tövsiyə olunur".
NURİYYƏ













