Dəniz və hovuzda uşaqları bu təhlükələr gözləyir - İnfeksionistdən AÇIQLAMA

 15:47 07.08.2026     472

Yay aylarında uşaqların ən çox üz tutduğu məkanlardan biri dəniz və hovuzlardır.

Bəs su mühitində uşaqları hansı təhlükələr gözləyə bilər və onları bu risklərdən qorumaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

Redaktor.az-a danışan həkim-infeksionist Aytən Ziyadovanın sözlərinə görə, valideynlər bilməlidirlər ki, su mühiti həmişə tam təhlükəsiz deyil və bəzi mikroorqanizmlər müxtəlif infeksiyalara səbəb ola bilər.

"Dəniz suyunda xüsusilə çirklənmə olan ərazilərdə "Enterococcus" və "E.coli" kimi fekal indikator bakteriyalar aşkar oluna bilər. Bu mikroorqanizmlər əsasən kanalizasiya və yağış suları vasitəsilə suya düşür və uşaqlarda su udulduqda qastroenterit – ishal, qusma, qarın ağrısı kimi əlamətlər yarada bilər. Eyni zamanda Norovirus, Rotavirus və Hepatit A virusu da çirklənmiş sulardan keçə bilən infeksion agentlərdir.

Dəniz və hovuz mühitində rast gəlinən digər bakteriyalardan biri "Pseudomonas aeruginosa"dır. Xüsusilə düzgün dezinfeksiya olunmayan hovuzlarda və isti sularda bu bakteriya dəri follikullarına daxil olaraq “hot tub folliculitis” – irinli səpkilər və follikulit yarada bilər".

Həkimin sözlərinə görə, açıq yarası, cızığı və ya dəri bütövlüyü pozulmuş uşaqlarda isə bəzi bakteriyalar daha asan daxil ola bilər:

""Staphylococcus aureus" dəri infeksiyalarına, nadir hallarda isə daha ciddi yumşaq toxuma infeksiyalarına səbəb ola bilər. İsti və duzlu sularda rast gəlinə bilən bəzi Vibrio növləri isə xüsusilə immun sistemi zəif, qaraciyər xəstəliyi və ya diabeti olan şəxslərdə ağır infeksiyalar yarada bilər.

Valideynlər bilməlidirlər ki, risk yalnız mikrobdan deyil, həm də şəraitdən asılıdır. Su temperaturunun yüksək olması bakteriyaların çoxalmasını sürətləndirir. Güclü yağışlardan sonra ilk 24–48 saat ərzində torpaq axıntıları və kanalizasiya qarışıqları səbəbindən suyun mikrobioloji çirklənməsi arta bilər. İnsan sıxlığı çox olan çimərliklərdə də mikrob yükü yüksələ bilər.

Su ilə təmas zamanı infeksiyalar bir neçə yolla keçə bilər: açıq yaralardan dəriyə daxil olma, göz-burun-qulaq selikli qişaları vasitəsilə, suyun udulması və bəzi hallarda dalğaların yaratdığı aerozolların tənəffüs edilməsi ilə".

Müsahibimiz uşaqlar üçün tövsiyələrini də sadaladı:

"Açıq yara və ya irinli dəri problemi varsa dənizə və hovuza girməmək, üzgüçülük zamanı suyu udmamağa çalışmaq, çimdikdən sonra təmiz su ilə duş qəbul etmək, yağışdan sonrakı günlərdə çirkli görünən sulardan uzaq durmaq, hovuzlarda dezinfeksiya qaydalarına əməl olunmasına diqqət etmək.

Əgər uşağın dərisində dənizdən sonra sürətlə yayılan qızartı, şişkinlik, güclü ağrı, irinli səpkilər, yüksək hərarət və ya davamlı qusma-işhal yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Yəni dəniz və hovuz faydalı istirahət mənbəyidir, amma düzgün gigiyena və təhlükəsizlik qaydalarına əməl etmək uşaqları su mənşəli infeksiyalardan qorumağın əsas yoludur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən