Qida qablaşdırmalarındakı gizli təhlükə üzə çıxdı - ARAŞDIRMA

 14:00 10.08.2026     277

Qida qablaşdırmalarından insan orqanizminə keçən mikroplastiklər qaraciyər sağlamlığı üçün risk yarada bilər. Alimlər bu hissəciklərin, xüsusilə yağlı və yüksək kalorili qidalarla birlikdə, qaraciyər xəstəliklərinin inkişafını sürətləndirə biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Alimlər qida qablaşdırmaları, qida plyonkaları, içki qabları və stəkanların hazırlanmasında geniş istifadə olunan polietilenin təsirlərini araşdırıblar.

Araşdırma zamanı polietilenin qaraciyərdə yağlanma əlamətlərini ağırlaşdıra bildiyi müəyyən edilib. Xüsusilə yağ, fruktoza və xolesterolla zəngin qidalarla birlikdə mikroplastiklərin təsiri daha güclü olub.

Tədqiqatçılar hesab edirlər ki, mikroplastiklər qaraciyərin təbii müdafiə və bərpa mexanizmlərini poza bilər. Onlar həmçinin bu hissəciklərin qaraciyərdə yağ mübadiləsinə və toxumaların bərpasına təsir göstərdiyini müəyyən ediblər.

Alimlər polietilendən olan mikroplastiklərin qaraciyər xəstəliklərinin daha ağır formalarına, o cümlədən fibroza təsirini araşdırmaq üçün əlavə tədqiqatlar aparmağı planlaşdırırlar.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən