Ağlayan uşağı sakitləşdirmək üçün bu üsuldan istifadə etməyin! - Həkimdən XƏBƏRDARLIQ
Bir çox hallarda ağlayan uşaqları valideynlərin müxtəlif yollarla sakitləşdirməyə çalışdığını görürük.
Yemək, şirniyyat və digər qidalardan istifadə etməklə uşağı sakitləşdirmək nə dərəcədə düzgündür?
Redaktor.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial media hesabında etdiyi paylaşımda bildirib ki, ümumiyyətlə, ağlayan uşağı zərərli yeməklərlə, atışdırmalıqlarla sakitləşdirməyə çalışmaq və yaxud da etdiyi yaxşı hərəkətə görə bu ziyanlı qidalarla mükafatlandırmaq həmin qidaların uşağın gözündə dəyərini artırır:
"Uşaq elə bilir ki, bunlar yaxşı qidalardır, çünki anam mən sevinəndə və ya yaxşı hərəkət edəndə mənə bunları verir, mükafat kimi təqdim edir. Bu da uşaqda yanlış təəssürat yaradır. Sonra biz uşağa deyəndə ki, bu, ziyanlı yeməkdir, uşaq da çaş-baş qalır və bizə olan güvəni zəifləyir. Ona görə də bu ziyanlı qidaları uşaqları ağlama zamanı sakitləşdirmək və ya mükafatlandırmaq üçün istifadə etmək yanlışdır".
Aytəkin TOFİQQIZI













