Körpələr nə vaxt qatı qidaya keçməlidir? - Həkimdən valideynlərə TÖVSİYƏ

 17:30 11.08.2026     447

"Sağlam və vaxtında doğulmuş körpələrin əksəriyyətində əlavə qidaya keçid təxminən 6 aylıqda başlanır. Bu dövrdə ana südü və ya formula artıq təkbaşına körpənin bütün qida ehtiyaclarını tam şəkildə ödəməyə kifayət etməyə bilər və əlavə qida mərhələsi başlayır. Təxminən 6 aylıq dövrdə körpənin həzm sistemi, udma bacarığı və motor inkişafı əlavə qidanı qəbul etməyə daha uyğun vəziyyətə gəlir. Körpə artıq başını daha yaxşı idarə edə, qidanı ağzında saxlaya və udmağa hazır ola bilər. Bu mərhələdə əlavə qida həm də körpənin müxtəlif dad və teksturalarla tanış olması baxımından mühüm əhəmiyyət daşıyır".

Redaktor.az-a bu fikirləri pediatr Şəlalə Poluxova körpələrin qatı qidaya keçid dövründən danışarkən səsləndirdi:

"Eyni zamanda bu dövr dəmir və digər vacib qida maddələri baxımından da çox önəmli mərhələdir. Körpənin böyüməsi və inkişafı sürətlə davam etdiyi üçün onun qida rasionunun tədricən genişləndirilməsi mühüm rol oynayır. Lakin əlavə qidaya çox erkən başlamaq faydadan çox problem yarada bilər. Ümumi qayda olaraq, 4 aydan əvvəl əlavə qidaya başlanması tövsiyə edilmir. Çünki bu zaman körpənin orqanizmi, həzm sistemi və qidanı ağızda idarə edib udmaq üçün lazım olan koordinasiyası buna tam hazır olmaya bilər".

Dr. Şəlalə Poluxova /Pediatr/Uşaq həkimi/Uşaq xəstəlikləri  (@pediatr_dr.shalala.polukhova) • Instagram photos and videos

Həkimin sözlərinə görə, qidaya keçid yalnız körpənin yaşına əsasən müəyyən edilməməlidir:

"Yaşla yanaşı, onun inkişaf baxımından hazır olub-olmaması da nəzərə alınmalıdır. Hər körpənin inkişaf tempi fərqli olduğundan, əlavə qidaya keçid zamanı körpənin fərdi xüsusiyyətləri də qiymətləndirilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən