Quru meyvələrin həm faydası, həm zərəri var - Həkim AÇIQLADI
Quru meyvələr tərkibindəki qida lifləri və bəzi faydalı maddələrə görə sağlam qəlyanaltı hesab oluna bilər. Lakin mütəxəssislər bu məhsulların həddindən artıq istehlakının bəzi insanlar üçün problem yarada biləcəyini bildirirlər.
Redaktor.az xəbər verir ki, terapevt Olqa Suxareva quru meyvələrin faydaları və mümkün zərərləri barədə danışıb.
Onun sözlərinə görə, quru meyvələr qurudularkən suyunun böyük hissəsini itirsə də, tərkibində qida lifləri, mikroelementlər və bəzi faydalı birləşmələr qalır. Məsələn, quru gavalı və quru ərik kalium və antioksidantlarla zəngindir.
Həkim quru meyvələrin sağlam qəlyanaltı ola biləcəyini, lakin onların az miqdarda qəbul edilməli olduğunu vurğulayıb. Çünki bu məhsulların tərkibində şəkər kifayət qədər çoxdur.
Suxareva yağlı qaraciyər və yüksək triqliserid səviyyəsi olan şəxslərə quru meyvələrdən istifadə zamanı diqqətli olmağı tövsiyə edib.
Bundan əlavə, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda quru meyvələrin çox qəbul edilməsi şişkinlik, qarında gurultu, qaz və ishala səbəb ola bilər. Bunun əsas səbəblərindən biri quru meyvələrdə sorbitol və fruktozanın yüksək miqdarda olmasıdır.
Aytəkin TOFİQQIZI













