Uşaqla səyahət edərkən mütləq bunlara DİQQƏT YETİRİN!
"Uşaqlarla səyahətə çıxarkən valideynlərin diqqət etməli olduğu bir sıra vacib məqamlar var. İlk növbədə, səfər ediləcək yerdə tibbi yardım imkanlarının olub-olmaması əvvəlcədən araşdırılmalıdır. Yəni oteldə, şəhərdə və ya istirahət ediləcək ərazidə həkim məntəqəsinin, tibb kabinetinin və ya yaxınlıqda tibb müəssisəsinin olub-olmadığını bilmək vacibdir. Çünki uşaqlarla səyahət zamanı istənilən vaxt gözlənilməz hal yarana, hansısa xəstəlik kəskinləşə və ya xroniki problem özünü göstərə bilər. Belə hallarda valideyn nə etməli olduğunu əvvəlcədən bilməli, təcili vəziyyət yarandıqda isə dərhal həkimə müraciət etməlidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı uşaqlarla səyahət zamanı nələrə diqqət edilməsi haqqında danışan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova bildirdi.
Pediatr vurğuladı ki, ikinci vacib məsələ səfərdən əvvəl pediatrla məsləhətləşməkdir:
"Valideynlər səyahət öncəsi uşağın həkim-pediatrının qəbuluna getməli və lazımi konsultasiya almalıdırlar. Həkimlə məsləhətləşərək səfərə hansı dərmanların aparılacağını, onların hansı hallarda və hansı dozada istifadə ediləcəyini dəqiqləşdirmək lazımdır. Eyni zamanda valideynlər ilkin tibbi yardım göstərilməsi ilə bağlı zəruri məlumatlara sahib olmalıdırlar. Əgər uşağın hər hansı xroniki xəstəliyi varsa, səfər zamanı iqlim, rütubət və hava temperaturunun dəyişməsi həmin xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Məsələn, uşaqlar arasında geniş yayılan atopik dermatit iqlim və rütubət dəyişikliyinə həssas olan xroniki xəstəliklərdən biridir. Bu halda valideynlər əvvəlcədən həkimlə məsləhətləşməli, hansı krem və məlhəmlərdən istifadə olunacağını öyrənməlidirlər. Dənizdə və ya hovuzda çimərkən riayət edilməli olan qaydalar barədə də məlumatlı olmaq vacibdir.
Üçüncü mühüm addım ilk tibbi yardım çantasının hazırlanmasıdır. Bu çanta həkimin tövsiyəsi əsasında yığılmalı, valideynlər çantada olan hər bir dərmanın istifadə qaydası ilə əvvəlcədən tanış olmalıdırlar. Ən vacib məsləhətlərdən biri isə səyahətin ilk günlərində uşağı həddindən artıq yormamaqdır. Başqa ölkəyə və ya şəhərə gedərkən ilk 1-2 gün adaptasiya dövrü hesab olunmalıdır. Bu müddətdə uşağın orqanizmi yeni iqlimə, rütubətə və ətraf mühitə uyğunlaşır. Ona görə də ilk günlərdə mümkün qədər uzun gəzintilərdən, çoxsaylı ekskursiyalardan, dəniz və ya hovuz kənarında uzun müddət vaxt keçirməkdən çəkinmək tövsiyə olunur. Bu dövrdə uşağın qidalanma və yuxu rejiminə xüsusi diqqət yetirilməlidir. Sonrakı günlərdə isə gəzinti və ekskursiyaların müddəti tədricən artırıla bilər".
NURİYYƏ













