Diabet və hipertoniya şirin və duzlu dadlara həssaslığı 3 dəfə azalda BİLƏR

 09:47 13.08.2026     269

2-ci tip şəkərli diabet və hipertoniya xəstəliyinin birlikdə olması insanın şirin və duzlu dadlara həssaslığını təxminən 3 dəfə azalda bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Novqorod Dövlət Universitetinin (NovDU), İjevsk Dövlət Tibb Akademiyasının, Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin və Rusiya Xalqlar Dostluğu Universitetinin alimlərinin apardığı araşdırmada bildirilib.

Alimlərin sözlərinə görə, bu xəstəliklərin birlikdə müşahidə olunması təkcə qidanın dadının qavranılmasını dəyişmir, həm də insanları fərqinə varmadan sağlamlıq üçün zərərli qidalara üstünlük verməyə sövq edə bilər.

NovDU-nun tibb təhsili və klinik işlər üzrə prorektoru Anastasiya Novikova bildirib ki, şəkərli diabet zamanı qanda qlükozanın uzun müddət yüksək olması şirin dadı qəbul edən reseptorlara mənfi təsir göstərə bilər. Hipertoniya isə dad məməciklərində mikrosirkulyasiyanı pozaraq oksigen təminatını azalda bilər. Təzyiqi aşağı salmaq üçün istifadə olunan bəzi dərmanların da dad qavrayışına təsir göstərə biləcəyi qeyd olunub.

Araşdırmada 65-69 yaş aralığında 70 nəfər iştirak edib. Onlardan 40-da həm 2-ci tip şəkərli diabet, həm də hipertoniya olub.

Nəticələrə əsasən, hər iki xəstəliyi olan şəxslərdə şirin dadı hiss etmə həddi sağlam insanlarla müqayisədə 2,9 dəfə, duzlu dadı hiss etmə həddi isə 3,5 dəfə yüksək olub.

Tədqiqat zamanı maraqlı bir məqam da ortaya çıxıb. Dadları daha zəif hiss edən şəxslərin şirin və duzlu qidalara daha çox meyilli olduğu müəyyən edilib. Alimlərin fikrincə, bu vəziyyət “qapalı dövr” yarada bilər. Yəni dad həssaslığının azalması insanın daha çox şəkər və duz qəbul etməsinə səbəb olur, bu isə öz növbəsində diabet və hipertoniya xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər.

Tədqiqatçılar həmçinin dişlərin itirilməsi ilə dad pozuntularının şiddəti arasında birbaşa əlaqə aşkar ediblər. Altıdan çox dişini itirən şəxslərdə dadları hiss etmə həddinin, üç və ya daha az dişi olmayan şəxslərlə müqayisədə daha yüksək olduğu bildirilib.

Mütəxəssislər hesab edirlər ki, diabet və hipertoniya xəstələrinə pəhriz tövsiyələri verilərkən dad həssaslığında baş verən dəyişikliklərin də nəzərə alınması vacibdir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən